AMEA-nın Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinin müdiri vəzifəsini icra edən, AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun dissertantı Kamran Mustafayevin həmmüəllifi olduğu “Modelling Automation Process of Railway Transportation in Mountainous Regions” adlı məqalə beynəlxalq nüfuzlu “Reliability: Theory & Applications” jurnalının 2026-cı il 21-ci cildinin 1-ci nömrəsində dərc olunub (səhifə: 124–132).
Tədqiqat işində dağlıq ərazilərdə dəmir yolu xətlərinin layihələndirilməsi, təhlükəsiz hərəkətin təmin edilməsi və avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulması məsələləri kompleks şəkildə araşdırılıb. Məqalədə Qarabağ regionunun dağlıq əraziləri nümunəsində optimal marşrutun seçilməsi, qatarın təhlükəsiz sürət və sürətlənmə parametrlərinin müəyyən edilməsi üçün riyazi modellər və kompüter simulyasiyaları tətbiq olunub.
Alınmış nəticələr əsasında dağlıq ərazilərdə qatarların hərəkətinə nəzarət edən müasir avtomatlaşdırılmış sistemin arxitekturası təklif edilib. Bu sistem təhlükəsizliyin artırılması, enerji sərfiyyatının optimallaşdırılması və insan amilindən yaranan risklərin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədqiqatın nəticələri Azərbaycanın azad olunmuş ərazilərində nəqliyyat infrastrukturunun bərpası və inkişafı üçün mühüm elmi-praktiki əhəmiyyətə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.