AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva mayın 7-də Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyasında cəmiyyət, mədəniyyət və yumşaq güc” adlı beynəlxalq konfransda iştirak edib. Konfransda Türk dünyasında siyasi, sosial və mədəni sahələrdə gedən proseslər müzakirə edilib.
Azərbaycanlı alim konfransın “Yumşaq güc, diplomatiya və media” bölməsində “Mədəniyyət diplomatiyası kontekstində media və yumşaq güc” adlı məruzə ilə çıxış edib.
Professor məruzəsində müasir dövrdə medianın cəmiyyətin siyasi həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Hazırda siyasi məzmunun kütləvi yayılmasında texnoloji bir dönüş nöqtəsindən danışmaq olar; inandırıcı kommunikasiya texnologiyaları ənənəvi mediadan daha geniş şəkildə sosial mediada istifadə olunur. Medianın ictimai şüurun yaranmasında və dəyişməyində rol oynadığı qeyd olunub. Bir cəmiyyətin siyasi şüurunun onun tarixi inkişaf trayektoriyasının və düşüncə tərzinin xüsusiyyətləri ilə formalaşdığı vurğulanıb.
Məruzədə bu gün “yumşaq güc”ün siyasətdə dəyişən vurğunun təzahürlərindən biri olduğu qeyd olunub. Diqqətə çatdırılıb ki, müasir dövrdə “yumşaq güc” qeyri-zorakı təsir üsulları, vasitə və texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur, bu da onu effektiv idarəetmə siyasətinin bir forması edir. “Yumşaq güc” anlayışının əsas komponentlərindən biri bilikdir və informasiya cəmiyyəti inkişaf etdikcə onun dünyada rolu davamlı şəkildə artır.
Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.