AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarovun “Azərbaycan nizamişünaslığının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri” adlı elmi məqaləsi Kanadada Azərbaycan, türk, ingilis və fars dillərində nəşr olunan “Azerbaijan Post” qəzetində çap olunub.
Məqalədə Azərbaycan nizamişünaslığının formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri sistemli şəkildə təhlil olunur. Müəllif göstərir ki, dahi Azərbayan şair Nizami Gəncəvinin irsinin, məqbərəsinin qorunması, tədqiqi və dünya miqyasında təbliği məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi iradəsi və milli-mənəvi dəyərlərə söykənən strateji yanaşması sayəsində yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə sovet ideoloji məhdudiyyətlərinin mövcud olduğu bir dövrdə Nizami irsinə dövlət səviyyəsində diqqətin artırılması, onun yubileylərinin keçirilməsi və əsərlərinin nəşri istiqamətində atılan addımlar milli özünüdərk prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Məqalədə 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi təşəbbüsünün əhəmiyyəti xüsusi vurğulanır. Bu hadisə yalnız ədəbi-mədəni tədbir deyil, həm də sovet sistemində milli dəyərlərin qorunmasına yönəlmiş cəsarətli siyasi addım kimi təqdim edilir. Müəllif qeyd edir ki, yubileyin keçirilməsi üçün əvvəlcədən qəbul edilən qərarlar - məqbərənin qorunması, irsin öyrənilməsi və nəşri ilə bağlı tədbirlər Azərbaycanda Nizamişünaslıq elmi məktəbinin formalaşmasına güclü təkan vermişdir.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin “Xəmsə”sinin nüfuzlu nəşriyyatlarda çap olunması, əsərlərinin müxtəlif dillərə tərcüməsi və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi xüsusi elmi və mədəni hadisə kimi dəyərləndirilir. Bu fəaliyyətlər nəticəsində Nizami Gəncəvi irsi yalnız Şərqdə deyil, Qərb dünyasında da geniş şəkildə tanıdılmışdır.
Məqalədə həmçinin vurğulanır ki, Ümummilli Lider tərəfindən əsası qoyulan bu siyasət müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nizami Gəncəvinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, Nizami Gənəvi Beynəlxalq Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində abidələrinin ucaldılması Azərbaycan mədəniyyətinin qlobal miqyasda təbliği, müstəqillik işığında yeni fundamental tədqiqatların aparılması, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi bu strateji xəttin davamlılığının bariz təzahürüdür.
Məqalədə, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti xüsusi qeyd olunur. Onun təşəbbüsü və dəstəyi ilə Nizami Gəncəvinin əsərlərinin, o cümlədən “Xəmsə” miniatür sənət nümunələrinin beynəlxalq səviyyədə tanıdılması, beynəlxalq tədbirlərin, sərgilərin keçirilməsi nizamişünaslığın yalnız elmi sahə kimi deyil, həm də beynəlxalq mədəni dialoqun vacib elementi kimi təqdim edilir.
Elmi məqalə beynəlxalq ISSN və rəqəmsal obyekt identifikatoru (DOİ) nömrəsi ilə çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.