Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Tanınmış alim Avropa Elmi Redaktorlar Assosiasiyasına üzv qəbul olunub
08.05.2026 14:30
  • A-
  • A
  • A+

Tanınmış alim Avropa Elmi Redaktorlar Assosiasiyasına üzv qəbul olunub

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fərhad Əliyev Avropa Elmi Redaktorlar Assosiasiyasına (EASE) üzv qəbul olunub.

Enerji sahəsində mühüm tədqiqatlar aparmış Fərhad Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və iqtisadiyyat ixtisası üzrə bakalavr, ABŞ-nin Sənaye Mühəndisliyi Mayami Universitetində texnologiyanın idarə edilməsi üzrə magistr, həmçinin Beynəlxalq biznes və marketinq üzrə MBA təhsili alıb. Alim Mayami Universitetində davamlı enerji inkişafı üzrə PhD dərəcəsinə yiyələnib. O, Böyük Britaniyanın Oksford Akademiyasının fəxri professoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi kafedrasının müəllimidir.

F.Əliyev dayanıqlı enerjinin inkişafı, iqlim dəyişikliyi, bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, yaşıl iqtisadiyyat və ətraf mühitə dəstək texnologiyaları, hidrogen enerjisi kimi istiqamətlərdə tədqiqatlar aparıb. O, onlarla elmi məqalənin, altı yeniliyin və üç kitabın müəllifidir. Eləcə də, ingilis-rus-Azərbaycan dillərində enerji maddələrinin beynəlxalq lüğətini tərtib edib. F.Əliyev “Ecoenergetics” və “Caspian journal of applied mathematics, ecology and economics” elmi jurnallarının baş redaktorudur.

Qeyd edək ki, EASE mərkəzi ofisi Böyük Britaniyada yerləşən akademik nəşriyyat sahəsində fəaliyyət göstərən redaktorların beynəlxalq birliyidir. Qurumun missiyası elmi redaktorluğun dəyərini təbliğ etmək, peşəkar inkişafı, tədqiqatı və əməkdaşlığı dəstəkləməklə elmi redaktənin qlobal standartlarını yaxşılaşdırmaqdır. Hazırda qurumun Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Belçika, İspaniya, Türkiyə də daxil olmaqla ümumilikdə 50 ölkədən üzvü var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: