AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədovanın “Çingiz Aytmatovun romanlarında şərq motivləri, sosial-siyasi mühit və insan faciəsi” adlı məqaləsi Qazaxıstanın R.Süleymenov adına Şərqşünaslıq İnstitutunun “Kazakstan şığıstanuı” (“Qazaxıstan şərqşünaslığı”) jurnalında dərc olunub.
Məqalənin əsas məqsədi Azərbaycan–Qırğız ədəbi əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə vermiş görkəmli yazıçı Çingiz Aytmatovun romanlarında şərq motivlərini, sosial-siyasi mühiti və insan faciəsi mövzusunu araşdırmaq, həmçinin onların bədii-fəlsəfi əhəmiyyətini üzə çıxarmaqdır. Şərqşünas alim araşdırması nəticəsində belə qənaətə gəlir ki, Aytmatovun romanlarında şərq mədəni ənənəsi gerçəkliyin dərin sosial-fəlsəfi təhlili ilə üzvi şəkildə birləşir. Məqalədə yazıçının qəhrəmanların taleyi vasitəsilə mürəkkəb tarixi və ictimai mühitdə insan faciəsini açıb göstərdiyi, mənəvi dəyərlərin, milli yaddaşın və humanist idealların qorunmasının vacibliyi vurğulanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.