Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.05.2016 17:22
  • A-
  • A
  • A+

Əməkçi miqrantların hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib

Əməkçi miqrantların hüquqlarının müdafiəsi məsələləri müzakirə edilib

Mayın 5-də Bakıda AMEA İnsan Hüquqları İnstitutunun və Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı ilə “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası” mövzusunda ikigünlük beynəlxalq seminar öz işinə başlayıb.

Bildirilib ki, TAİEX proqramı çərçıvəsində keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Miguel Magro Gomez tədbirin əhəmiyyətini qeyd edib. Bildirilib ki, seminarın keçirilməsinin məqsədi Azərbaycanda müvafiq dövlət orqanlarının əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində təcrübələrini artırmaq üçün Avropa İttifaqına üzv dövlətlərlə mübadilələrin aparılmasıdır. M.Gomez əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov əməkçi miqrant problemini hazırda dünyanın həll etməli olduğu vacib məsələlərdən biri kimi dəyərləndirib: “Bu problemə xüsusi diqqət yetirilməlidir. Azərbaycanda miqrasiya proseslərinin yüksək səviyyədə idarə edilməsi və miqrantların hüquqlarının müdafiə olunması beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Təhlükəsizliyin təmin olunmasında isə əhalinin maarifləndirilməsi vacibdir. Bu gün respublikada Dövlət Miqrasiya Xidmətinin və regionla miqrasiya qurumlarının əməkdaşları qeyri-hökumət təşkilatları ilə birlikdə bölgələrdə maarifləndirmə tədbirləri həyata keçirir, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi işində fəallıq göstərirlər”.

AMEA Rəyasət Heyəti aparatının nümayəndəsi, hüquq elmləri doktoru Rasim Ağasıyev Azərbaycanda əməkçi miqrantların hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlər, bu sahə üzrə ölkədə yaranmış mövcud vəziyyət barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, dünyanın aparıcı şirkətləri ilə bağlanan müqavilələr və digər beynəlxalq layihələrin həyata keçirilməsi əmək miqrasiyasının sürətinin artmasına səbəb olub: “Dövlət Miqrasiya Xidmətinin son rəsmi məlumatına əsasən Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət edənlərin sayı 50.082 nəfərdir. Azərbaycan ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması üçün 3800 nəfər müraciət edib”.

Beynəlxalq tədbirdə “Azərbaycanda əməkçi miqrantların hüquqları: hazırkı vəziyyət”, “Əməkçi miqrantların beynəlxalq müdafiəsi: bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensıya”, “Əməkçi miqrantların hüquqlarının müdafiəsi, məşğulluğa cəlbolunma vasitəsilə inteqrasiya” və digər mövzularda çıxışlar dinlənilib.

Müzakirələr zamanı əməkçi miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası probleminin müxtəlif aspektləri ətrafinda geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: