Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.06.2026 14:29
  • A-
  • A
  • A+

Mifologiya şöbəsinin seminarında monomif nəzəriyyəsi və əcdad kultu müzakirə edilib

Mifologiya şöbəsinin seminarında monomif nəzəriyyəsi və əcdad kultu müzakirə edilib

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində növbəti elmi seminar keçirilib.

Seminarda filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan aşıq yaradıcılığında ustad–şəyird ənənəsi və əcdad kultu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Cənnətova isə “Min üzlü qəhrəman: Türk qəhrəmanlıq dastanları kontekstində” mövzusunda məruzələrlə çıxış ediblər.

İlhamə Qəsəbova məruzəsində Azərbaycan aşıq yaradıcılığında ustad–şəyird ənənəsi ilə əcdad kultu arasındakı qarşılıqlı əlaqədən bəhs edib. Bildirib ki, aşıq mühitində ustad sənətkarlara göstərilən ehtiram türk mifoloji düşüncəsində mühüm yer tutan əcdad kultunun müəyyən xüsusiyyətlərini özündə yaşadır. Məruzədə Dədə Qorqud, Aşıq Ələsgər, Aşıq Alı, Hüseyn Bozalqanlı, Hüseyn Saraçlı və Aşıq Ədalət Nəsibov kimi sənətkarların müxtəlif aşıq mühitlərində qazandıqları nüfuzdan danışılıb, onların yalnız sənətkar deyil, həm də mənəvi simvol kimi qəbul edildikləri vurğulanıb.

Məruzəçi Aşıq Hüseyn Saraçlının xatirələrinə istinad edərək onun ulu babası Aşıq Qaranı ilə bağlı söylədiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, aşıqlar özlərini müəyyən ustad məktəblərinin davamçıları kimi təqdim etməklə sənət genealogiyasını yaşadır, keçmiş nəsillərin mənəvi irsinin yeni nəsillərə ötürülməsinə xidmət edirlər. Vurğulanıb ki, əcdad kultu aşıq sənətində kollektiv yaddaşın qorunmasının mühüm vasitələrindən biridir və ustad–şəyird ənənəsi bu baxımdan əcdadlara ehtiramın yaşadıldığı əsas mədəni mexanizmlərdən hesab olunur.

Seminarda dosent Günel Cənnətovanın “Min üzlü qəhrəman: Türk qəhrəmanlıq dastanları kontekstində” mövzusunda təqdimatı da maraqla qarşılanıb. Məruzədə amerikalı mifşünas Joseph Campbell tərəfindən irəli sürülmüş monomif nəzəriyyəsinin türk qəhrəmanlıq dastanlarına tətbiqi məsələsi araşdırılıb. Bildirilib ki, müxtəlif coğrafiyalarda və mədəni mühitlərdə formalaşmasına baxmayaraq, qəhrəmanlıq dastanları müəyyən ümumbəşəri struktur xüsusiyyətlərini paylaşır və bu xüsusiyyətlər monomif modeli vasitəsilə izah oluna bilir.

Təqdimatda türk epik ənənəsinin mühüm nümunələri olan “Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Maaday Qara” dastanları təhlil olunub, onların süjet xəttində monomifin əsas mərhələlərinin əks olunduğu göstərilib. Xüsusilə, ayrılma, inisiasiya və geri dönüş mərhələlərinin türk qəhrəmanlarının həyat yolunda necə təzahür etdiyi nümunələr əsasında izah edilib. Bamsı Beyrək və Alpamış obrazlarının keçdikləri sınaqlar, qazandıqları mənəvi və fiziki yetkinlik, eləcə də cəmiyyətə qayıdaraq nizamı bərpa etmələri qəhrəmanın səyahəti modelinin klassik nümunələri kimi təqdim olunub.

Məruzədə türk dastan qəhrəmanları ilə qədim yunan mifologiyasının qəhrəmanları arasında müqayisələr də aparılıb, Herakl və Odissey kimi obrazların keçdiyi sınaqlarla türk qəhrəmanlarının macəraları arasındakı paralellər diqqətə çatdırılıb. Bununla yanaşı, qəhrəmanlıq anlayışı, kollektiv dəyərlər və mənəvi ideallar baxımından mövcud fərqlər də qeyd edilib.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Seminar türk mifoloji düşüncəsinin, aşıq yaradıcılığının və epik ənənənin müxtəlif aspektlərinin müasir elmi yanaşmalar əsasında araşdırılması baxımından əhəmiyyətli olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: