Azərbaycanın tanınmış iqtisadçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmlər doktoru, professor, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri Şahbaz Musa oğlu Muradovun 85 illik yubileyi münasibətilə biblioqrafik göstəricisi işıq üzü görüb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında "Elm" nəşriyyatında işıq üzü görən biblioqrafik göstərici görkəmli alimin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Kitabda zəngin elmi yaradıcılıq yolu keçmiş Şahbaz Muradovun əsərləri, elmi və publisistik məqalələri, redaktə etdiyi, rəy verdiyi əsərlər, iştirak etdiyi beynəlxalq, regional və respublika səviyyəli konfranslar, həmçinin rəhbərlik etdiyi dissertantlar və s. haqqında məlumatlar yer alır.
Azərbaycan iqtisad elmi məktəbinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olan Şahbaz Muradovun 70-dən çox elmi əsəri Rusiya, Orta Asiya, Avropa və Amerikanın reytinqli elmi jurnallarında dərc olunub.
AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Görkəmli Elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Təranə Rüstəmovadır.
Biblioqrafiya iqtisadiyyatçılar, bu sahədə təhsil alan tələbələr və gənc elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.