AMEA-nın Əsas binasında 2026-cı ildə Arxeologiya və Antropologiya İnstitutunda arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ötən il ərzində arxeoloji tədqiqatlarda tapılmış artefaktların səyyar sərgisinə baxış keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Arxeologiya və Antropologiya İnstitutunda son illərdə aparılan tədqiqatların elmi əhəmiyyətindən və əldə olunan mühüm nəticələrdən bəhs edib. O, institut əməkdaşlarının yaponiyalı tədqiqatçılarla birgə Xocavənd rayonundakı Tağlar mağarasında apardıqları elmi ekspedisiya zamanı arxeoloji qazıntılar nəticəsində təxminən 80 min il əvvəl yaşamış neandertal insana aid yeni paleoantropoloji qalığın aşkar edilməsini Azərbaycan arxeologiyasının dünya antropologiya elminə verdiyi ən sanballı töhfə kimi qiymətləndirib.
Akademik İsa Həbibbəyli, həmçinin Naxçıvanın qədim tarixi ilə bağlı İlandağ yazısının 30 illik axtarışlardan sonra aşkarlanmasını xüsusi qeyd edərək, bu nailiyyətlərin Azərbaycan tarix, humanitar və ictimai elmlərinin yüksək inkişaf səviyyəsinin göstəricisi olduğunu bildirib.
2026-cı ildə ilk dəfə olaraq arxeologiya sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatının verildiyini söyləyən AMEA prezidenti bu mükafata orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə tanınmış arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyevin layiq görüldüyünü diqqətə çatdırıb.
O, ötən il işğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspedisiyaların təşkil edildiyini bildirib, Qarabağın Xocalı, Əsgəran və digər bölgələrində aparılan tədqiqatların Azərbaycan tarixinin qədim izlərini üzə çıxardığını qeyd edib. Akademik İsa Həbibbəyli, həmçinin Qarabağda elmi mərkəzin yaradılmasının vacibliyini vurğulayıb.
AMEA rəhbəri Qarabağ və Şərqi Zəngəzurda kompleks elmi tədqiqatların aparılmasının zəruriliyinə də toxunaraq bildirib ki, arxeoloji tapıntıların elmi mahiyyətinin dolğun şəkildə şərh olunması üçün müxtəlif elm sahələrinin nümayəndələrinin birgə əməkdaşlığı daha da genişləndirilməlidir.
Alim son dövrlərdə institutun maddi-texniki bazasının gücləndirilməsi və arxeoloji tədqiqatların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, arxeoloji materiallar əsasında qələmə alınan məqalələrin, monoqrafiyaların sayının artırılmasının vacibliyini vurğulayıb.
Arxeoloji tədqiqatlarda beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edən akademik İsa Həbibbəyli bu əlaqələrin Azərbaycan elminin dünyada təbliği baxımından önəmli olduğunu bildirib.
O, çıxışının sonunda 2026-cı il üzrə arxeoloji və antropoloji çöl tədqiqatlarının nəticələrinin təqdim olunacağı genişmiqyaslı elmi konfransın keçirilməsinin zəruriliyini vurğulayıb, arxeoloqlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent. Fərhad Quliyev “Yeni mövsümün tədqiqat işlərinin əsas hədəfləri” mövzusunda məruzə ilə çıxış edib. O, hazırda Ağdam, Xocalı, Xocavənd, Əskəran və Zəngilan daxil olmaqla Qarabağın müxtəlif bölgələrində arxeoloji tədqiqatların miqyasının əhəmiyyətli dərəcədə genişləndiyini söyləyib. Bildirib ki, institutun tədqiqat proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Zəngilanda, eləcə də Ağstafa və Qəbələdə arxeoloji araşdırmalara başlanılır. Bu tədqiqatlar Azərbaycanın tarix öncəsi və ilk dövlətçilik dövrü, antik və erkən orta əsrlər, Albaniya və Atropatena mədəniyyəti, orta əsr müsəlman şəhərlərinin arxeologiyası, həmçinin antropoloji araşdırmalar kimi mühüm istiqamətləri əhatə edəcək.
Dövlət başçısının süni intellekt və rəqəmsallaşma ilə bağlı qarşıya qoyduğu strateji vəzifələrdən danışan Fərhad Quliyev qeyd edib ki, gələcəkdə arxeoloji tədqiqatlarda rəqəmsal metodların geniş tətbiqi əsasında yeni yanaşmaların formalaşdırılması, daha yüksək elmi nəticələrin əldə edilməsi üçün müasir texnologiyalardan geniş istifadə imkanlarının yaradılması nəzərdə tutulur.
İnstitutun fəaliyyətinin Azərbaycan dövlətinin elmi və mədəni irsin qorunması sahəsində həyata keçirdiyi siyasətə uyğun şəkildə qurulduğunu bildirən direktor əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, həmin ərazilərin tarixi-mədəni irsinin öyrənilməsi də qarşıda duran mühüm vəzifələrdən biridir.
O, institutun maddi-texniki bazasının gücləndirilməsi və elmi fondun təkmilləşdirilməsinin vacibliyinə də toxunub. Bildirib ki, əsas prioritetlərdən biri institut nəzdində fiziki antropoloji laboratoriyanın yaradılmasıdır. Bununla bağlı Türkiyənin Hacettepe və Ankara universitetləri ilə əməkdaşlıq çərçivəsində müəyyən tədbirlər görülür, kadr və təcrübə mübadiləsi aparılır. Laboratoriyanın yaradılması gələcəkdə Azərbaycanın Paleontropoloji Fondunun formalaşdırılması üçün mühüm baza olacaq və Azərbaycanın bu istiqamətdə yüksək potensiala malikdir.
Tədbirdə AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov çıxış edərək arxeologiya sahəsində son illərdə müşahidə olunan müsbət tendensiyalara diqqət çəkib. O, əvvəlki illərlə müqayisədə qadın arxeoloqların sayının artmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, bu amil elmi mühitin daha da zənginləşməsinə xidmət edir.
Professor Kərim Şükürov Azərbaycan tarixinin formalaşmasının bilavasitə arxeoloji tədqiqatlara əsaslandığını söyləyib. Yunan və Roma müəlliflərinin Qafqaz Albaniyası tarixinə dair verdiyi məlumatlarda təhriflərin mövcud olduğunu qeyd edən alim ən qədim dövrlərdən son orta əsrlərə qədər şəhər mədəniyyətinin öyrənilməsinin arxeoloqların iştirakı olmadan mümkün olmadığını bildirib.
Bu sahədə kadr məsələsinə də toxunan professor Kərim Şükürov qeyd edib ki, Tarix və Etnologiya İnstitutunda, xüsusilə Qədim dövr tarixi şöbəsində arxeoloq mütəxəssislərə ciddi ehtiyac var.
O, Azərbaycanın arxeoloji xəritəsinin hazırlanmasının vacibliyini vurğulayaraq, əhalinin məskunlaşması, mədəniyyətin yayılması və tarixi proseslərin elmi şəkildə təhlili üçün bu kimi xəritələrin mühüm əhəmiyyət daşıdığını deyib. Yaxın vaxtlarda bircildlik “Azərbaycan tarixi” kitabının hazırlanaraq çap olunacağını söyləyən direktor bu nəşrin Azərbaycan elminə ciddi töhfə verəcəyinə əminliyini ifadə edib. Sonda professor Kərim Şükürov Arxeologiya və Antropologiya İnstitutu ilə mövcud əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
Daha sonra institutda çöl-tədqiqatları ilə bağlı aparılan işləri əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə, həmçinin institutun Orta və son Tunc dövrü şöbəsinin baş elmi işçisi, professor Hidayət Cəfərovun “Azərbaycan arxeologiyasında keçmiş ənənələr və müasir yanaşmalar”, İslam dövrü arxeologiyası şöbəsinin müdiri, professor Qafar Cəbiyevin “Azərbaycan orta əsr şəhərlərinin tədqiqat prespektivləri”, Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, t.e.d., dosent Tarix Dostiyevin “Azərbaycan arxeologiyasında türk-islam irsi” və Neolit və xalkolit dövrü arxeologiyası şöbəsinin elmi işçisi Mircavid Ağalarovun “Gənc kadrların hazırlanmasında elmi seminarların və yay məktəbi layihələrinin əhəmiyyəti” mövzularında məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.