Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 14-cü nömrəsi çapdan çıxıb.
Azərbaycan, Türkiyə və Cənubi Azərbaycandan olan alimlərin məqalələrinin yer aldığı jurnalın bu nömrəsi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunub.
Jurnalda “Nizami Gəncəvi - 885: Azərbaycan Prezidentinin bəşəriyyətə təqdim etdiyi Nizami Gəncəvi nizamı”, “Gəncəli Nizami və türk utopiyası”, “The History and Ethnographic Characteristics of Ganja Cuisine in the Light of Nizami Ganjavi’s Works” (“Nizami Gəncəvinin əsərləri işığında Gəncə mətbəxinin tarixi və etnoqrafik xüsusiyyətləri”), “Nizamî Gencevî’nin Mahzenü’l-Esrâr’ı”, “Nizami Gəncəvi ilə başlayan xəmsəçilik ənənəsi və Əlişir Nəvai”, “Nizami Gəncəvi poeziyasının təhriflənmiş nümunələri: Daneşname-ye Qədərxan kontekstində”, “Nizami Gəncəvi ədəbi məktəbi və Şərq ədəbiyyatında “Xəmsə” ənənəsi”, “Nizami və Məhsəti poeziyasında irfançılıq ənənəsi”, “Məcnun obrazi ərəbdilli mənbələrdə”, “Nizami Gəncəvi ənənələri kontekstində Əlişir Nəvai ilə Azərbaycan ədəbiyyatı arasında mədəni və poetik inteqrasiya”, “Nizami Gəncəvi irsinin Şərq və Qərb ənənələri kontekstində araşdırılma tarixi”, “Nəvizadə Ətayinin divan poeziyası Nizami Gəncəvi ənənəsi fonunda”, “Şamaxı ədəbi mühiti və Nizami irsi”, “J.C. Bürgelin gözü ilə “Yeddi gözəl”: mədəniyyətlərarası oxunuş”, “Cultural and Intercultural Dimensions of Nizami Ganjavi’s Heritage in Modern Foreign Language Education” (“Nizami Gəncəvi irsinin müasir xarici dil təhsilində mədəni və mədəniyyətlərarası ölçüləri”), “Nizami Gəncəvi irsinin Şərq və Qərb ənənələri kontekstində araşdırılma tarixi”, “Nizami Gəncəvinin poetik irsi”, “Müəllim hazırlığının təkmilləşdirilməsində strukturlaşdırılmış təlim yanaşmaları: Nizami Gəncəvi irsi əsasında”, “Nizami Gəncəvinin gözü ilə insan, vicdan və zaman” kimi məqalələr Azərbaycan, türk və ingilis dillərində nəşr edilib.
“Nizamişünaslıq” elmi əsərlər jurnalı ildə iki dəfə nəşr olunmaqla, Azərbaycan, türk, özbək, ingilis, rus və digər dillərdə məqalə qəbul edir. Nəşrin nüsxələri müvafiq kitabxanalara paylanılmaqla, elektron variantı da ayrıca olaraq AMEA-nın Gəncə Bölməsinin saytında yerləşdirilir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartları ilə nəşr olunmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxildir.
Redaksiya heyətində Azərbaycan, Türkiyə, Özbəkistan və Hindistandan alimlərin yer aldığı “Nizamişünaslıq” elmi əsərlər jurnalının redaktoru AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov, məsul katibi şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.