Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Müzəffər Şəkər: “Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi çərçivəsində qardaş akademiyalarla institusional əməkdaşlıq gücləndirilir”
30.06.2026 15:14
  • A-
  • A
  • A+

Professor Müzəffər Şəkər: “Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi çərçivəsində qardaş akademiyalarla institusional əməkdaşlıq gücləndirilir”

Bu fikirləri Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində AMEA-da keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Prof. Müzəffər Şəkər çıxışında Türk dünyasının elm və mədəniyyətinə dair strateji baxışlarını açıqlayıb, yüz illik birgə elmi irsin əhəmiyyətini vurğulayıb. O, 100 il öncə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq elm tarixində ən mühüm dönüş nöqtələrindən biri olduğunu bildirib.

TÜBA prezidenti Birinci Türkoloji Qurultayda atılan əməli addımların türk dilinin, tarixinin və mədəniyyətinin ortaq elmi baxışını müəyyən etdiyini və bu görüşün bir əsr sonra yenidən Bakıda davam etdirildiyini qeyd edib. O, bugünkü tədbirdə iştirakdan məmnunluğunu ifadə edərək 1926-cı ilin 26 fevral tarixindən 6 marta qədər Bakıda baş tutan mötəbər tədbirin akademik toplantı olmaqla yanaşı, türk tarixinin sosio-mədəni sərhədlərini elmi şəkildə yenidən formalaşdıran bir oyanış yolu olduğunu diqqətə çatdırıb.

TÜBA prezidenti çıxışında bir əsr əvvəl türk ləhcələrinin ortaq elmi məkan daxilində müzakirəsinin və ortaq anlayışın formalaşdırılmasının elm tarixində unikal hadisə olduğunu dilə gətirib. Qeyd edib ki, yüz illik bu elmi irs həm böyük qürur mənbəyidir, həm də ağır tarixi sınaqlardan keçib. 1926-cı il Qurultayına qatılan ziyalıların böyük bir qismi sonradan Stalin repressiyalarının qurbanı olub.

Müzəffər Şəkər repressiyaya məruz qalmış türkologiya elminin görkəmli şəxsiyyətlərini – krımlı B. Çobanzadəni, qazaxıstanlı A. Baytursunu, qırğızıstanlı K. Tınıstanovu, tatarıstanlı Qalimcan Şərəfi və Qalimcan İbrahimini, azərbaycanlı Hüseyn Zeynallını, eləcə də ortaq elmi dil ideyasını müdafiə etdiyinə görə təqiblərə məruz qalmış rus türkoloq Aleksandr Samoyloviçi hörmət və minnətdarlıqla yad edib.

O, çıxışında görkəmli alimlərin miras qoyub getdiyi əhəmiyyətli irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin strateji prioritetlərdən olduğunu qeyd edib. Bildirib ki, Türkiyə Elmlər Akademiyası olaraq bu mirası qorumaq, türkologiya elminin dünyadakı institusional himayəsini artırmaq və dünya elm məkanında daha da inkişaf etdirmək üçün əhəmiyyətli addımlar atır.

Onun sözlərinə görə, TÜBA-nın həyata keçirdiyi “Türkologiya Araşdırmaları Dəstək Proqramı” çərçivəsində dünyanın müxtəlif ölkələrində türk dili, ədəbiyyatı və tarixini araşdıran alimlərə tam təqaüd və elmi dəstək təmin edilir.

Prof. Müzəffər Şəkər, həmçinin TÜBA-nın təşkil etdiyi Türk-İslam Elm və Mədəni İrs layihəsindən və beynəlxalq türkoloji yay məktəblərindən də bəhs edib. Qeyd edib ki, bu kimi proqramlar Türk dünyasının ortaq elmi yaddaşının qorunmasında və gənc tədqiqatçıların yetişdirilməsində əhəmiyyətli rol oynayır.

“Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi çərçivəsində qardaş akademiyalarımızla ortaq terminologiya, ortaq tarix və coğrafiya şüuru formalaşdırmaq məqsədilə institusional əməkdaşlığı gücləndiririk”, – deyə TÜBA prezidenti vurğulayıb.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın ildönümünə verdiyi dəstəyin və rəhbərlik etdiyi təşəbbüslərin tədbirin önəmini daha da artırdığını xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə elmi əməkdaşlığının ən yüksək inkişaf səviyyəsində olduğunu qeyd edərək bu kimi mötəbər tədbirlərin Türk dünyasının ortaq elmi gələcəyinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

TÜBA prezidenti çıxışının sonunda yüz il əvvəl İsmayıl bəy Qaspiralının məşhur “Dildə, fikirdə, işdə birlik!” şüarını yaşadan böyük dahilərin izi ilə bugünkü zirvə tədbirinin gələcəyə işıq tutmasını arzu edib, qonaqpərvərliyə görə Azərbaycan xalqına və elmi ictimaiyyətinə səmimi təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: