Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Gezim Hoca: “Birinci Türkoloji Qurultayın 100 illiyi tədbirləri akademik qurumlar arasında daha möhkəm və məhsuldar tərəfdaşlığın əsasını qoyacaq”
30.06.2026 17:00
  • A-
  • A
  • A+

Akademik Gezim Hoca: “Birinci Türkoloji Qurultayın 100 illiyi tədbirləri akademik qurumlar arasında daha möhkəm və məhsuldar tərəfdaşlığın əsasını qoyacaq”

Bu fikirləri Albaniya Elmlər Akademiyasının nümayəndəsi akademik Gezim Hoca Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində AMEA-da keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Akademik Gezim Hoca bu mötəbər beynəlxalq elmi platformada iştirakdan məmnunluğunu ifadə edib, dəvətə və nümayəndə heyətlərinə göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinə dərin minnətdarlığını ifadə edib. O, beynəlxalq elmi əməkdaşlıq tarixində belə əlamətdar bir mərhələnin yüksək səviyyədə qeyd olunmasına görə təşkilatçılara təşəkkürünü bildirib.

Birinci Türkologiya Qurultayının elmi irsinin qorunub saxlanılmasının önəminə toxunan akademik Gezim Hoca qeyd edib ki, bu tarixi tədbir elmi tərəqqinin beynəlxalq əməkdaşlıq və müxtəlif elmi ənənələrə qarşılıqlı hörmət əsasında formalaşdığını aydın şəkildə nümayiş etdirir. Alim sözlərinə görə, elmin inkişafı yalnız milli sərhədlər daxilində deyil, məhz dialoq və ideyaların mübadiləsi mühitində mümkün olur.

Akademik Gezim Hoca Zirvə Toplantısı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası ilə Albaniya Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Anlaşma memorandumunun imzalandığını qeyd edərək bildirib ki, bu sənəd iki akademiya arasında münasibətləri yeni mərhələyə yüksəldir və birgə elmi layihələrin icrası, akademik mübadilə proqramlarının genişləndirilməsi, iki ölkənin elmi ictimaiyyəti arasında əlaqələrin dərinləşdirilməsi üçün mühüm imkanlar yaradır.

Albaniyanın tarixi inkişaf modelindən bəhs edən akademik Gizem Hoca bildirib ki, Albaniyanın tarixi sivilizasiyaların təcrid şəraitində deyil, dialoq, qarşılıqlı əlaqə və ideyaların mübadiləsi istiqamətində inkişaf etdiyini göstərir. Bu kontekstdə Osmanlı dövrünün mədəni irsinin Albaniyanın tarixi və milli-mədəni kimliyinin mühüm qatlarından birini təşkil etdiyini vurğulayıb.

Arxeoloq kimi peşəkar fəaliyyətinə istinad edən akademik Gezim Hoca qeyd edib ki, Albaniyada Osmanlı dövrü abidələri İlliriya, Roma, Bizans, orta əsrlər Albaniya və sonrakı Avropa irsi ilə yanaşı mövcuddur və bu çoxqatlı mədəni təbəqələşmə ölkənin tarixinin zənginliyini əks etdirir. Alimin sözlərinə görə, mədəni irs ayrı-ayrı dövrlərin qarşıdurması kimi deyil, bir-birini zənginləşdirən davamlı tarixi proses kimi dəyərləndirilməlidir.

Akademik Gezim Hoca çıxışında Albaniyada qorunub saxlanılan məscidlər, təkkələr, körpülər, hamamlar, tarixi bazarlar və ənənəvi şəhər evləri kimi Osmanlı memarlıq nümunələrini, eləcə də dil, sənətkarlıq, şəhər musiqisi, kulinariya ənənələri və xüsusilə Bəktaşilik başda olmaqla sufi irsinin ölkənin qeyri-maddi mədəni irsində tutduğu yeri diqqətə çatdırıb. Vurğulayıb ki, bu irs Albaniyanın ümumi milli-mədəni kimliyinin ayrılmaz tarixi qatıdır.

Alim çıxışının sonunda yüzillik yubileyin akademik qurumlar arasında daha möhkəm və məhsuldar tərəfdaşlığın əsasını qoyacağına əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: