Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dosent Faiq Ələkbərli: Azərbaycan yenidən Türk dünyasının əsas güc mərkəzi kimi çıxış edir
02.07.2026 11:14
  • A-
  • A
  • A+

Dosent Faiq Ələkbərli: Azərbaycan yenidən Türk dünyasının əsas güc mərkəzi kimi çıxış edir

Azərbaycan yenidən Türk dünyasının əsas güc mərkəzi kimi çıxış edir və türk xalqlarının ortaq tarixi şüurunun formalaşdırılması Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə töhfə verə bilər.

Bu fikri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri dosent Faiq Ələkbərli deyib. O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan tədbirlər 100 il əvvəl yarımçıq qalmış ideyaların yeni mərhələdə davam etdirilməsinə xidmət edir. Türk dünyasının müxtəlif ölkələrindən olan alimlər, tədqiqatçılar və elm adamları ortaq əlifba, ortaq dil, tarix və mədəniyyət məsələlərini müzakirə edir, ümumi mövqeyin formalaşdırılması istiqamətində çalışırlar.

“Əvvəllər olduğu kimi, Azərbaycan yenidən Türk dünyasının əsas güc mərkəzi kimi çıxış edir. Bu gücü əcdadlarımızdan miras almışıq”, – deyə F.Ələkbərli vurğulayıb.

Dosent qeyd edib ki, tədbirlərin əsas məqsədi Türk Dövlətləri Təşkilatını daha da gücləndirmək və türk xalqlarının birliyinə nail olmaqdır. Bu proses yalnız ortaq əlifba, dil və mədəniyyət məsələlərini deyil, həm də Türk dünyasının beynəlxalq müstəvidə vahid güc kimi mövqeyinin möhkəmləndirilməsini hədəfləyir.

F.Ələkbərli əlavə edib ki, bu məqsədə çatmaq üçün tarixçilərin üzərinə də mühüm vəzifə düşür. Onun fikrincə, Türk dünyasında ortaq tarixi şüurun formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

“Keçmiş tarixi şüurumuz müxtəlif səbəblərdən təhrif olunub, türk dövlətləri bir-birinə düşmən və ya işğalçı dövlətlər kimi təqdim edilib. Halbuki ortaq irsimizə yalnız müharibələr prizmasından yanaşmaq düzgün deyil. Biz ortaq mədəniyyətimizi, tariximizi və dövlətçilik ənənələrimizi vahid irs kimi dəyərləndirməliyik”, – deyə o bildirib.

Alimin sözlərinə görə, keçmişdə mövcud olmuş güclü türk dövlətlərinin irsi gələcək türk birliyinin əsasını təşkil edə bilər. O hesab edir ki, alimlərin əsas məqsədi ortaq türk tarixi təfəkkürünü və mədəniyyətini formalaşdırmaqdan ibarət olmalıdır. Məhz bu yanaşma Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə daha nüfuzlu və güclü quruma çevrilməsinə töhfə verə bilər.

AzərTac

  • Paylaş: