AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev və tədqiqatçı Lalə Nəsirovanın birgə müəllifi olduqları yeni elmi məqalə beynəlxalq nüfuzlu “Archaeology, Ethnography & Anthropology of Eurasia” jurnalında (2026, cild 54, №2) nəşr olunub. Məqalə Mesopotamiya memarlıq ənənələrinin Cənubi Qafqaza, xüsusilə Muğan düzünə və Azərbaycanın orta əsr qəbirüstü abidələrinə təsirini araşdırır.
Tədqiqatda Mesopotamiya və Elam sivilizasiyalarının memarlıq irsinin Azərbaycan ərazisində qorunub saxlanılmış kult və dəfn abidələrində əks olunması müqayisəli şəkildə təhlil edilir. Müəlliflər zikkurat tipli pilləli memarlıq formalarının təkcə dini tikililərdə deyil, həm də Astara rayonunda yerləşən orta əsr qəbirüstü abidələrində yaşamaqda davam etdiyini elmi faktlarla əsaslandırırlar.
Araşdırmanın ən mühüm nəticələrindən biri Astara rayonunun Dolu, Sim, Ütə, Çayü və Diqo kəndlərində qeydə alınmış pilləli-piramidal qəbirüstü abidələrin qədim Mesopotamiya memarlıq ənənələrinin yerli mühitdə transformasiya olunmuş nümunələri kimi qiymətləndirilməsidir. Müəlliflərin fikrincə, bu abidələr qədim mədəni əlaqələrin və ideya mübadiləsinin mühüm göstəriciləridir.
Məqalədə, həmçinin Muğan bölgəsində aşkar edilmiş gil fiqurlar, silindrik möhürlər, ritual əşyalar və ornamentli artefaktlar təhlil olunaraq onların Mesopotamiya mədəni mühiti ilə əlaqələri göstərilir. Bu materiallar Azərbaycanın qədim dövrlərdə Ön Asiya sivilizasiyaları ilə intensiv iqtisadi və mədəni münasibətlərə malik olduğunu bir daha təsdiqləyir.
Tədqiqatın yekununda vurğulanır ki, e.ə. V–IV minilliklərdən başlayaraq Mesopotamiyanın erkən əkinçi cəmiyyətlərinin mədəni ənənələri Azərbaycan ərazisinə yayılmış, sonrakı dövrlərdə isə bu təsirlər memarlıq, dəfn adətləri və maddi mədəniyyət nümunələrində öz əksini tapmışdır. Bu faktlar Azərbaycanın qədim Şərq sivilizasiyaları arasında mühüm mədəni körpü rolunu oynadığını göstərir.
Yeni tədqiqat Azərbaycanın arxeoloji irsinin beynəlxalq elmi müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır və qədim mədəni əlaqələrin öyrənilməsində yeni istiqamətlər açır. Məqalənin nəticələri Cənubi Qafqaz və Ön Asiya arasında mədəni transmissiya proseslərinin daha dərindən araşdırılması üçün zəmin yaradır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.