Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Ömüralıyev TDT-nin İstanbuldakı Katibliyinə reallaşdırdığı səfər çərçivəsində 3-cü Türk Dünyası Yay Forumunun iştirakçılarını qəbul edib.
Gənc iştirakçılara müraciət edən Baş katib TDT-nin vizyonu, əldə etdiyi nailiyyətlər və gələcək prioritetləri barədə məlumat verib, Təşkilatın Türk dünyasında əməkdaşlıq və inteqrasiyanın dərinləşməsində getdikcə artan rolunu vurğulayıb.
Forumda iştirak edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva türk dövlətləri arasında elm, təhsil və dil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətini qeyd edib. O, ortaq türk mədəni irsinin qorunması, ortaq türk əlifbasının tətbiqi və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərin Türk dünyasının inteqrasiyasına mühüm töhfə verdiyini vurğulayıb.
Görüş iştirakçılar üçün TDT-nin gələcək fəaliyyət istiqamətləri ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyətli platforma olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.