AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türk dillərinin funksional sintaksisi” adlı kollektiv akademik monoqrafiya çap edilib.
Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları professor Nadir Məmmədli, professor İsmayıl Kazımov, rəyçiləri filologiya elmləri doktoru Baba Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova və filologiya üzrə fəlsəfə doktoru Dilbər Camalidir.
Akademik nəşrdə professor İsmayıl Kazımov, filologiya elmləri doktorları Şəbnəm Həsənli Qəribova, Qətibə Mahmudova, Qətibə Quliyeva, dosentlər Şəkər Orucova, Təranə Şükürlü, Elnarə Əliyeva, İmanyar Quliyev, Günel Hüseynova, filologiya üzrə fəlsəfə doktorları Dilbər Camali və Arzu İsgəndərzadənin müəllifi olduqları bölmələr yer alıb.
Monoqrafiyada türk dillərinin funksional sintaksisinin nəzəri və praktik məsələləri araşdırılır, müxtəlif türk dillərinin sintaktik xüsusiyyətləri funksional yanaşma əsasında təhlil edilir. Nəşrdə funksional-sintaksisin elmi-nəzəri əsasları, türk dillərində sintaktik əlaqələrin, ismi və feili birləşmələrin, sadə və mürəkkəb cümlələrin, söyləmin, mətnin funksionallığı geniş şəkildə araşdırılır. Türk dillərində sintaktik norma və diskurs hissələri türk dillərinin funksional sintaksisinin nəzəri bazasının zənginləşdirilməsi baxımından maraq doğurur.
Funksional morfologiya və funksional sintaksis qrammatikanın xüsusi növüdür. Türk dillərinin funksional qrammatikasına dair “Türk dillərinin funksional morfologiyası” da 2024-cü ildə nəşr olunub.
Əsərdən dilçi alimlər, doktorantlar, türkoloji dilçilikdə türk dillərinin sintaksisi ilə məşğul olan hər kəs istifadə edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.