Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

AMEA Gənclər Akademiyasının sədr müavini: Elmin inkişafı alimlərin fəaliyyətinin keyfiyyəti ilə ölçülür
21.07.2026 12:30
  • A-
  • A
  • A+

AMEA Gənclər Akademiyasının sədr müavini: Elmin inkişafı alimlərin fəaliyyətinin keyfiyyəti ilə ölçülür

Son illərdə Azərbaycan gənc alimlərinin beynəlxalq qrant proqramlarında iştirakı yeni mərhələyə yüksələrək təkcə qazanılan layihələrin sayı ilə deyil, onların beynəlxalq elmi əməkdaşlıqda artan rolu ilə xarakterizə olunur. Gənc tədqiqatçılar artıq elmi ideyaların formalaşdırılması, beynəlxalq tərəfdaşların müəyyənləşdirilməsi və layihə təşəbbüslərinin hazırlanmasında fəal iştirak edirlər. AMEA Gənclər Akademiyasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva AzərTac-a müsahibəsində Azərbaycan elminin qlobal elmi məkana inteqrasiyası, ölkədə gələcəyin rəqabətqabiliyyətli elmi kadr potensialının formalaşması istiqamətində görülən işlərdən danışıb. Onunla müsahibəni təqdim edirik.

-Son 5 ildə azərbaycanlı gənc alimlərin beynəlxalq qrant proqramlarında iştirakı hansı göstəricilər üzrə artıb və əldə olunan əsas nəticələr nələrdir?

-Son beş ildə Azərbaycan gənc alimlərinin beynəlxalq qrant proqramlarında iştirakı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu dövrdə gənc tədqiqatçılar yalnız beynəlxalq layihələrin icraçısı kimi deyil, həm də elmi ideyaların müəllifi, layihə təşəbbüslərinin hazırlayıcısı və beynəlxalq tərəfdaşlıqların fəal iştirakçıları kimi çıxış etməyə başlayıblar. Buna paralel olaraq, Azərbaycan alimlərinin “Horizon 2020”, “Horizon Europe”, “Marie Sklodowska-Curie Actions”, “COST Actions”, DAAD, “Fulbright” və digər beynəlxalq proqramlarda təmsilçiliyi genişlənib. Bu proqramlar gənc alimlərə beynəlxalq elmi mühitdə təcrübə qazanmaq, yeni metodologiyaları mənimsəmək, xarici elmi mərkəzlərlə davamlı əməkdaşlıq qurmaq və Azərbaycan elminin qlobal elmi məkana inteqrasiyasını gücləndirmək imkanı yaradır. Bu istiqamətdə AMEA tərəfindən 2021–2026-cı illərdə beynəlxalq qrant proqramlarına hazırlıq məqsədilə seminarlar, praktiki təlimlər və layihə yazılışı üzrə (Proposal Writing) təlimlər təşkil olunub. Eyni zamanda, AMEA institutlarının TÜBİTAK-la birgə layihələri və Erasmus+ proqramları çərçivəsində həyata keçirilən akademik mobillik təşəbbüsləri beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə, birgə tədqiqatların inkişafına və ölkəyə müasir elmi təcrübənin gətirilməsinə mühüm töhfə verir.

-Bu gün Azərbaycan elmində gənclərin rolunu hansı rəqəmlər xarakterizə edir və həmin göstəricilər gələcək elmi potensial haqqında nə deməyə əsas verir?

-Azərbaycan elmində gənclərin rolu təkcə say göstəriciləri ilə deyil, onların beynəlxalq elmi fəaliyyətə cəlb olunması, tədqiqatlarının keyfiyyəti, elmi idarəetmədə təmsilçiliyi və innovativ təşəbbüsləri ilə qiymətləndirilir. Rəsmi statistikaya görə, ölkədə gənc elmi kadr ehtiyatı davamlı şəkildə formalaşır. Dövlət Statistika Komitəsinin 2026-cı il məlumatına əsasən, Azərbaycanda 114 ali təhsil və elmi müəssisənin doktoranturalarında 3123 nəfər təhsil alır. Onların 85 faizi fəlsəfə doktoru, 15 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alır, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların 57 faizini isə 30 yaşadək gənclər təşkil edir.

Bununla yanaşı, gənc alimlərin beynəlxalq qrant layihələrində, “Scopus” və “Web of Science” bazalarında indekslənən elmi nəşrlərdə, eləcə də xarici elmi mərkəzlərlə əməkdaşlıq proqramlarında fəallığı artır. Son illərdə gənc alimlərin elmi müəssisələrdə rəhbər vəzifələrə irəli çəkilməsi də elmi kadr siyasətinin yenilənməsinin göstəricisi kimi qiymətləndirilir.

AMEA Gənclər Akademiyası gənc alimlərin elmi təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gələcəyin elmi liderlərinin hazırlanması istiqamətində fəaliyyət göstərir. Hər il keçirilən “İlin gənc alimi” müsabiqəsi isə gənc tədqiqatçıların elmi nailiyyətlərinin təşviqinə xidmət edir. Ümumilikdə, mövcud göstəricilər Azərbaycan elmində gənclərin rolunun həm kəmiyyət, həm də keyfiyyət baxımından gücləndiyini və ölkənin elmi potensialının inkişafına mühüm töhfə verdiyini göstərir.

-Gənclərin sayının artması elmi inkişaf üçün kifayət edirmi, yoxsa əsas məsələ keyfiyyət göstəriciləridir?

-Müasir dövrdə elmin inkişafı yalnız gənc alimlərin sayının artması ilə deyil, onların elmi fəaliyyətinin keyfiyyəti və beynəlxalq rəqabət qabiliyyəti ilə ölçülür. Bu baxımdan prioritet istiqamətlər sırasında gənc tədqiqatçıların beynəlxalq elmi layihələrdə iştirakı, nüfuzlu elmi jurnallarda nəşrləri, müasir tədqiqat metodologiyalarına yiyələnməsi, xarici elmi mərkəzlərlə əməkdaşlığı və innovativ yanaşmaları tətbiq etməsi dayanır. AMEA Gənclər Akademiyası da fəaliyyətini məhz gənc alimlərin elmi potensialının inkişafı, beynəlxalq elmi şəbəkələrə inteqrasiyası və gələcəyin elmi liderlərinin hazırlanması üzərində qurur.

XXI əsrdə ölkələrin elmi gücü alimlərin sayından daha çox, onların yaratdığı elmi dəyərlə müəyyən olunur. Əsas məqsəd beynəlxalq səviyyədə rəqabət apara bilən, yüksək elmi nəticələr əldə edən və Azərbaycan elmini qlobal elmi məkanda layiqincə təmsil edən gənc alimlər nəslinin formalaşdırılmasıdır.

Azərbaycan elminin gələcək inkişafı zəngin elmi ənənələrin yeni nəslin innovativ baxışları ilə uzlaşdırılmasından asılıdır. Bu baxımdan AMEA Gənclər Akademiyası nəsillərarası elmi varisliyin möhkəmləndirilməsi, gənc alimlərin beynəlxalq əməkdaşlığa cəlb olunması, elmi təşəbbüslərinin dəstəklənməsi və müxtəlif elm sahələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm platforma rolunu oynayır. Akademiya təcrübəli alimlərin bilik və təcrübəsini gənc tədqiqatçıların innovativ yanaşmaları ilə birləşdirərək Azərbaycanın gələcək elmi potensialının formalaşmasına töhfə verməyi qarşısına əsas məqsəd kimi qoyur.

  • Paylaş: