2026-cı il iyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi tamam olur. Bu əlamətdar tarix yalnız peşəkar jurnalistlərin bayramı deyil, həm də xalqımızın milli yaddaşının, maarifçilik ənənələrinin, ictimai fikrinin və dövlətçilik təfəkkürünün inkişaf tarixinin mühüm mərhələsidir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin ilk nömrəsi ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən bir əsrdən artıq dövr ərzində mürəkkəb, keşməkeşli, lakin şərəfli inkişaf yolu keçmişdir.
“Əkinçi” təkcə qəzet deyildi. O, milli özünüdərk ideyasının, maarifçilik hərəkatının, ana dilinin qorunması və inkişaf etdirilməsi uğrunda mübarizənin tribunası idi. Həsən bəy Zərdabi həmin dövrdə xalqı elmə, təhsilə, tərəqqiyə səsləyərək milli mətbuatımızın əsas missiyasını müəyyənləşdirmişdi. Sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Füyuzat”, “İrşad”, “Açıq söz” və digər nəşrlər bu missiyanı davam etdirərək milli mətbuat məktəbinin formalaşmasına böyük töhfələr verdilər.
Azərbaycan mətbuatı müxtəlif siyasi rejimlər, senzura məhdudiyyətləri, müharibələr və ideoloji təzyiqlər şəraitində fəaliyyət göstərsə də, xalqın söz ehtiyacını ödəməkdən və milli dəyərləri yaşatmaqdan geri çəkilməmişdir. Xüsusilə müstəqillik dövründə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Onun təşəbbüsü ilə 1998-ci ildə senzuranın ləğvi Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı olmuş, media orqanlarının daha sərbəst fəaliyyət göstərməsinə geniş imkanlar açmışdır.
Milli mətbuatın yubileyləri yalnız keçmişə nəzər salmaq deyil, həm də bu irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işləri dəyərləndirmək üçün mühüm fürsətdir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda mətbuat tariximizin öyrənilməsi, tədqiqi və nəşri sahəsində mühüm layihələr həyata keçirilmişdir. Bu fəaliyyətin ən mühüm nəticələrindən biri satirik mətbuatımızın zirvəsi hesab olunan “Molla Nəsrəddin” jurnalının ensiklopediyasının hazırlanaraq nəşr edilməsidir. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ərsəyə gələn bu fundamental nəşr Azərbaycan mətbuatşünaslığında mühüm hadisə kimi qiymətləndirilir. Ensiklopediya təkcə bir jurnalın deyil, bütövlükdə XX əsrin əvvəllərində Azərbaycan ictimai fikir tarixinin, satirik düşüncəsinin və milli oyanış prosesinin elmi salnaməsidir.
Şöbə tərəfindən mətbuat tariximizin qiymətli nümunələri olan “Ziyayi-Qafqaziyyə”, “Ziya”, “Kəşkül”, “Bəhlul”, “Arı”, “Mirat”, “Məşəl”, “Kəlniyyət” və digər mətbuat orqanları ərəb qrafikasından müasir latın əlifbasına transliterasiya edilərək nəşr olunmuşdur. Bu nəşrlər uzun illər tədqiqatçıların məhdud çevrəsinə məlum olan mənbələri geniş oxucu auditoriyasına təqdim etmiş, mətbuat tariximizin öyrənilməsi üçün yeni imkanlar yaratmışdır.
Mühüm layihələrdən biri də ADA Universitetinin dəstəyi ilə həyata keçirilmişdir. Bu çərçivədə “Əfkari-mütəəllimin”, “Babayi-Əmir” və “Məktəb” jurnalları transliterasiya edilərək elmi ictimaiyyətə təqdim olunmuşdur. Əsrlik tarixə malik bu nəşrlər yalnız jurnalistika baxımından deyil, həm də Azərbaycan təhsilinin, maarifçiliyinin, ictimai-siyasi və mədəni fikrinin inkişaf tarixini öyrənmək baxımından zəngin mənbələrdir.
Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən mətbuat tarixinin müxtəlif problemlərinə həsr olunmuş onlarla elmi məqalə və 10-dan artıq monoqrafiya nəşr edilmişdir. Bu əsərlərdə milli mətbuatın inkişaf mərhələləri, publisistikanın nəzəri məsələləri, görkəmli mətbuat xadimlərinin yaradıcılığı, Azərbaycan ictimai fikrinin formalaşmasında mətbuatın rolu kimi aktual mövzular araşdırılmışdır.
Ötən il milli mətbuatın 150 illik yubileyi münasibətilə ölkədə keçirilən tədbirlər mətbuat tariximizin öyrənilməsinə verilən yüksək dəyərin göstəricisi oldu. Həmin yubiley çərçivəsində Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin üç əməkdaşı da Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin təqdimatı ilə yubiley medalı ilə təltif edildi. Bu, mətbuat tariximizin araşdırılması istiqamətində aparılan sistemli fəaliyyətə verilən qiymət kimi dəyərləndirilə bilər.
Hazırda şöbə tərəfindən yeni layihələr üzərində iş davam etdirilir. Azərbaycan satirik mətbuatının mühüm nümunələri olan “Tuti” və “Zənbur” jurnalları artıq ərəb qrafikasından müasir əlifbaya çevrilmişdir. Eyni zamanda “Şərqi-Rus” qəzetinin transliterasiyası istiqamətində işlər aparılır. Bu nəşrlərin də yaxın gələcəkdə elmi ictimaiyyətə təqdim olunması gözlənilir.
Bununla yanaşı, müasir dövrün aktual mövzularını əhatə edən tədqiqatlar da davam etdirilir. Mətbuatşünaslığın nəzəri problemləri, Zəfər publisistikası, Ali Baş Komandan obrazının bədii publisistikada təcəssümü, müasir media prosesləri və informasiya siyasəti kimi istiqamətlərdə araşdırmalar aparılır. Bu tədqiqatlar həm milli jurnalistika elminin inkişafına, həm də müasir media mühitinin daha dərindən öyrənilməsinə xidmət edir.
151 illik yubiley ərəfəsində bir həqiqəti xüsusi vurğulamaq lazımdır: milli mətbuat yalnız keçmişin mirası deyil, həm də gələcəyin məsuliyyətidir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, informasiya müharibələrinin geniş vüsət aldığı müasir dövrdə peşəkar jurnalistikanın, etibarlı informasiya mənbələrinin və sağlam media mühitinin əhəmiyyəti daha da artır. Həsən bəy Zərdabinin maarifçilik ideyaları, “Molla Nəsrəddin” məktəbinin tənqidi düşüncə ənənələri və Azərbaycan mətbuatının formalaşdırdığı milli dəyərlər bu gün də öz aktuallığını qoruyur.
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, mətbuat tarixini araşdıran alimləri, publisistləri və peşəkar jurnalistləri təbrik edir, onlara bu məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Azərbaycan milli mətbuatının 151 illik zəngin tarixi gələcək nəsillər üçün də elm, söz və vətəndaşlıq məktəbi olaraq yaşayacaqdır.
Vüqar Əhməd, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tarixi və publisistika şöbəsinin müdiri, professor