Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun əməkdaşları İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (OIC-COMSTECH) tərəfindən təşkil olunan “Parçalanmış dünyada elm diplomatiyası: beynəlxalq dialoqun davamlılığının qorunmasında elmin və kommunikasiyanın rolu” mövzusunda beynəlxalq onlayn tədbirdə iştirak ediblər.
Tədbirin əsas məqsədi qlobal çağırışlar fonunda elmi diplomatiyanın və elmi kommunikasiyanın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində rolunu müzakirə etmək, eləcə də müxtəlif ölkələrin elm nümayəndələri arasında təcrübə və fikir mübadiləsi üçün platforma yaratmaq olub.
Tədbirdə institutu Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova, Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov və elmi işçi Samirə Süleymanova təmsil ediblər.
Görüş zamanı elmi diplomatiyanın, elmi kommunikasiyanın beynəlxalq dialoqun möhkəmləndirilməsində rolu, eləcə də elm, təhsil və innovasiya sahələrində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Müzakirələr çərçivəsində beynəlxalq elmi tərəfdaşlıqların genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin qlobal problemlərin həllində elmin rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.