Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərq ölkələrinin kitabxana və arxivlərində Azərbaycana dair nadir əlyazmalar aşkar edilərək tədqiqata cəlb olunur
24.07.2026 10:30
  • A-
  • A
  • A+

Şərq ölkələrinin kitabxana və arxivlərində Azərbaycana dair nadir əlyazmalar aşkar edilərək tədqiqata cəlb olunur

Azərbaycanın tarixi və mədəni irsinin Şərq ölkələrində araşdırılması istiqamətində yeni elmi tədqiqatlar həyata keçirilir. Müxtəlif ölkələrin kitabxana və arxivlərində aparılan araşdırmalar nəticəsində Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini əks etdirən nadir əlyazmalar və mühüm tarixi mənbələr aşkar edilərək elmi dövriyyəyə daxil edilir.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutundan bildirilib ki, Azərbaycanın zəngin tarixi və mədəni irsinin Şərq ölkələrində öyrənilməsi, qorunması və beynəlxalq elmi dövriyyəyə daxil edilməsi istiqamətində Şərqşünaslıq İnstitutunda mühüm elmi layihələr həyata keçirilir. Aparılan araşdırmalar nəticəsində müxtəlif ölkələrin kitabxana və arxivlərində Azərbaycan tarixini, ədəbiyyatını, elmini və mədəniyyətini əks etdirən çoxsaylı nadir əlyazmalar və tarixi sənədlər aşkar edilərək tədqiqata cəlb olunur.

İnstitut alimlərinin Misir, Vatikan, Türkiyə, İran və digər ölkələrin elmi mərkəzlərində apardıqları araşdırmalar nəticəsində Azərbaycanın ərazi bütövlüyünü, dövlətçilik tarixini və mədəni irsini təsdiqləyən mühüm mənbələr müəyyən edilib. Vatikan Apostol Kitabxanasında aparılan tədqiqatlar zamanı Azərbaycanla bağlı əlyazmalar, eləcə də Şərq ədəbiyyatı və ərəb dilçiliyinə dair qiymətli mənbələr aşkar olunub.

Türkiyə kitabxanalarında və arxivlərində aparılan araşdırmalar nəticəsində azərbaycanəsilli alimlərin müxtəlif elm sahələrinə aid üç mindən çox qədim və nadir əsəri müəyyən edilib. Osmanlı arxivlərində qorunan, xüsusilə Azərbaycan xanlıqları dövrünə aid sənədlər tədqiqata cəlb olunaraq elmi dövriyyəyə daxil edilib. Misir Milli Kitabxanası, Arxivləri Mərkəzi və İsgəndəriyyə Kitabxanasında aparılan araşdırmalar zamanı Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqa klassiklərimizə aid əlyazmalarla yanaşı, elm tariximiz üçün əhəmiyyətli olan digər orta əsr alimlərinin əsərləri də aşkar edilib.

Əlyazmaların tədqiqi və nəşri sahəsində Fərabi, Qəzali, İmadəddin İsfahani, Əbdürrəhman Cami, Şəhabəddin Söhrəvərdi və digər Şərq alimlərinin əsərləri araşdırılaraq nəşr edilir. Orta əsr Azərbaycan şairləri və alimlərinin irsi, o cümlədən Saib Təbrizi və Bədr Şirvaninin yaradıcılığı elmi şəkildə öyrənilir.

Türkiyə tarixi və iqtisadiyyatı istiqamətində Osmanlı arxiv sənədlərinin, Azərbaycan tarixinə aid təhrir dəftərlərinin və digər mənbələrin araşdırılması davam etdirilir. Qarabağ və Azərbaycan toponimikasına dair Osmanlı sənədləri tərcümə edilərək elmi ictimaiyyətə təqdim olunur.

Şərq ölkələrinin tarixşünaslığı sahəsində Azərbaycan tarixinin ilkin mənbələr əsasında öyrənilməsi prioritet istiqamətlərdən biridir. Səfəvilər dövrü, monqollar dövrü, orta əsr dövlətçilik tarixi və elm tariximizlə bağlı fundamental monoqrafiyalar hazırlanır. Budaq Münşi Qəzvininin “Cəvahir əl-əxbar” əsərinin tərcüməsi, “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)” kollektiv monoqrafiyası, Nəsirəddin Tusinin elmi irsinə və Fəzlullah Nəimi ilə hürufilik hərəkatına həsr olunmuş tədqiqatlar bu istiqamətdə mühüm elmi nəticələrdəndir.

AzərTac

  • Paylaş: