Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin ümumi redaktəsi ilə “Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti” işıq üzü görüb.
Oxuculara təqdim olunan bu lüğət Azərbaycanın məşhur dilçi alimləri Bəhruz Abdullayev, Mirzə Əsgərli, Həsən Zərinəzadə və İsmayıl Məmmədli tərəfindən işıq üzü görmüş əvvəlki çaplar əsasında yenidən hazırlanmış növbəti 6-cı nəşridir. İnstitutun Elmi şurasının qərarı ilə nəşr olunmuş kitab elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, şərqşünas-əlyazmaşünas alim fil.ü.f.d., dosent Əkrəm Bağırov tərəfindən təkmilləşdirilərək çapa hazırlanıb. 6-cı nəşrin eyni zamanda redaktoru olan Əkrəm Bağırov lüğətə 400-ə qədər yeni söz və ifadə vahidi əlavə edib. Kitab 44 çap vərəqi həcmindədir. Lüğətin kompüter icraçıları və korrektorları institutun əməkdaşları Mətanət Muradova və Pəri Mustafazadədir.
Klassik Azərbaycan ədəbiyyatı nümunələrinin orijinal yazıda oxunuşunu, nəşr edilmiş klassik mətnlərdə tez-tez rast gəlinən ərəb və fars mənşəli alınma söz və ifadələrin mənasının başa düşülməsini asanlaşdırmaq məqsədilə hazırlanmış bu lüğət filologiya, şərqşünaslıq, jurnalistika fakültələrinin tələbələri, müəllimlər və mətnşünas mütəxəssislər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.