Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: Səməd Vurğun yaradıcılığı Azərbaycan ədəbi fikrinin inkişafında mühüm mərhələdir
31.07.2026 21:42
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: Səməd Vurğun yaradıcılığı Azərbaycan ədəbi fikrinin inkişafında mühüm mərhələdir

Səməd Vurğun XX əsrin və ümumən Azərbaycan ədəbiyyatının ən qüdrətli söz ustalarından biridir. O, mürəkkəb ictimai-siyasi və ideoloji şəraitdə yaşayıb-yaratsa da, zamanın təsirlərindən uca duran, milli və bəşəri dəyərləri əks etdirən əsərləri sayəsində əbədiyyət qazanmış böyük sənətkardır.

Bu fikirləri AMEA prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində keçirilən “Elm, ədəbiyyat və sosial həyat” (Fizika və lirika - IX) adlı ədəbi-bədii tədbirdə söyləyib.

Akademik İsa Həbibbəyli “Elm və ədəbiyyat: Xalq şairi və akademiklik missiyası” mövzusunda məruzəsində vurğulayıb ki, Səməd Vurğun yaradıcılığı Azərbaycan poeziyasının, dramaturgiyasının və ədəbi fikrinin inkişafında mühüm mərhələni təşkil edir. Şairin “Azərbaycan” şeiri, “Vaqif” və “İnsan” dramları, eləcə də “Komsomol” və “Aygün” poemaları milli ədəbiyyatın qızıl fonduna daxil olan, bu gün də aktuallığını qoruyan qiymətli sənət nümunələridir. Bu əsərlər vətənpərvərlik, humanizm, azadlıq, ədalət və mənəvi dəyərləri tərənnüm etməklə yanaşı, zamanı qabaqlayan ideyaları ilə seçilir.

AMEA prezidenti diqqətə çatdırıb ki, Səməd Vurğun təkcə böyük şair deyil, həm də görkəmli alim və ictimai xadim olub, ölkənin elmi-mədəni həyatına mühüm töhfələr verib. O, Səməd Vurğunun Azərbaycanın ilk Xalq şairi adına layiq görüldüyünü, eləcə də Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) 1945-ci ildəki 15 əsas təsisçisindən və ilk həqiqi üzvlərindən biri olduğunu xatırladıb.

Akademiya rəhbəri əlavə edib ki, şairin 1954-cü ildə Moskvada SSRİ Yazıçılarının II Qurultayında sovet poeziyasına həsr olunmuş məruzəsi dərin elmi-nəzəri əhəmiyyətə malik olmaqla yanaşı, romantik ədəbiyyatın zəruriliyini cəsarətlə müdafiə edən mühüm çıxışlardan biri kimi qiymətləndirilə bilər.

AMEA rəhbəri çıxışının sonunda Səməd Vurğun irsinin öyrənilməsi və təbliğinin milli-mənəvi dəyərlərin qorunması baxımından böyük önəm daşıdığını bildirib.

AzərTac

  • Paylaş: