İraq türkmanlarının zəngin ədəbi, folklor və mədəni irsinin öyrənilməsi Azərbaycan–Türk dünyası elmi əlaqələrinin əsas istiqamətlərindən birinə çevrilib. Alimlər bildirirlər ki, uzun illər ərzində aparılan araşdırmalar, nəşrlər və elmi layihələr sayəsində türkman irsinin öyrənilməsi sahəsində mühüm elmi baza formalaşıb. Bu istiqamətdə həyata keçirilən yeni təşəbbüslər isə ortaq tarixi-mədəni dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. İraq türkmanlarının zəngin ədəbi, folklor və mədəni irsinin öyrənilməsi, araşdırılması və Azərbaycan oxucusuna çatdırılması istiqamətində son onilliklərdə mühüm elmi-mədəni layihələr həyata keçirilir. Bu sahədə aparılan tədqiqatlar ortaq tarixi və mədəni dəyərlərin daha dərindən öyrənilməsinə, Azərbaycan–Türk dünyası əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
Bu fikirləri müsahibəsində "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev bildirib.
Tədqiqatçı-alimin sözlərinə görə, ötən əsrin 60-cı illərindən etibarən bu sahədə formalaşan elmi ənənənin inkişafında professor Qəzənfər Paşayevin müstəsna xidmətləri olub. Məhz onun fəaliyyəti nəticəsində İraqdakı türkman soydaşlarımızla elmi-mədəni əlaqələr yenidən bərpa edilib, Azərbaycanda İraq türkmanşünaslığı üzrə elmi məktəb formalaşıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında aparılan tədqiqatlar, nəşr olunan kitab və məqalələr, elmi konfrans və seminarlar İraq türkmanlarının zəngin ədəbi-mədəni irsinin daha geniş şəkildə tanıdılmasına xidmət edir.
Tədqiqatçı qeyd edib ki, Qarabağ Zəfərindən sonra Azərbaycan dövləti türk xalqları ilə ortaq tarixi və mədəni irsin öyrənilməsinə xüsusi diqqət ayırır. Bu istiqamətdə Azərbaycanda keçirilən Türkman İrsi Forumu, eləcə də İraq, Suriya, Livan və Türkiyədən alim və tədqiqatçıların iştirakı ilə təşkil olunan tədbirlər elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verib.
Alim vurğulayıb ki, bu il Azərbaycanda ilk dəfə türkman irsinin sistemli araşdırılması məqsədilə "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyi təsis edilib. Təşkilatın əsas məqsədi türkman irsi üzrə çalışan alim və tədqiqatçıları bir araya gətirmək, elmi araşdırmaların səmərəliliyini artırmaq və bu zəngin irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir.
Azərbaycan və İraq türkmanlarının ortaq dəyərlərinə də toxunan Orxan İsayev bildirib ki, hər iki xalq ortaq dil, folklor, ədəbiyyat, dövlətçilik ənənələri və ailə-məişət mədəniyyəti ilə sıx bağlıdır. Kərkük və ətraf bölgələrdə danışılan türkman türkcəsinin Azərbaycan dilinin dialektlərindən biri hesab olunması, həmçinin Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Əbdülqədir Marağayi və Məhəmməd Füzuli kimi klassiklərin ortaq ədəbi irsin əsas nümayəndələri olması bu tarixi bağlılığın mühüm göstəricilərindəndir.
Orxan İsayevin fikrincə, İraq türkmanları və Azərbaycan türkləri eyni etnik kökdən gələn, müxtəlif coğrafiyalarda yaşayan bir xalqın nümayəndələridir. Bu baxımdan ortaq ədəbi və mədəni irsin araşdırılması yalnız elmi deyil, həm də milli-mədəni yaddaşın qorunması və Türk dünyasının inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır.