AR ETN Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğasızların Biomüxtəlifliyi və Ekologiyası laboratoriyasının əməkdaşları 27–31 iyul 2026-cı il tarixlərində Göygöl Milli Parkında elmi ekspedisiyada olublar.
Ekspedisiyada laboratoriyanın müdiri biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə, baş elmi işçi biologiya elmləri doktoru Natalya Sneqovaya və böyük elmi işçi biologiya üzrə fəlsəfə doktoru Arifə Əliyeva iştirak ediblər. Tədqiqatların əsas məqsədi milli parkın ərazisində yayılmış buğumayaqlıların monitorinqinin aparılması, onların növ müxtəlifliyinin və yayılma xüsusiyyətlərinin öyrənilməsi olub.
Ekspedisiya çərçivəsində Göygöl Milli Parkının Göygöl, Maralgöl, Güzgügöl, Ördəkgöl, Qaragöl, Camışgöl və Zəligöl göllərinin ətrafındakı meşə massivlərində və çəmənlik ekosistemlərində çöl tədqiqatları aparılıb. Müxtəlif biotoplardan onurğasızlara aid zəngin elmi materiallar toplanaraq biomüxtəlifliyin mövcud vəziyyətinə dair monitorinq həyata keçirilib.
Toplanmış nümunələr laboratoriya tədqiqatlarının metodik tələblərinə uyğun şəkildə qablaşdırılıb, etiketlənib və sonrakı taksonomik, ekoloji və faunistik analizlərin aparılması məqsədilə instituta çatdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.