AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərin keçirilməsinə başlanılmışdır.
Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində keçirilən ilk təlimlərdə Türkiyədən olan mütəxəssislər – Ege Universitetinin dosenti, doktor Zafer Derin, Manisa Celal Bayar Universitetinin tədqiqatçısı Şahin Menteşe və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm nazirliyinin əməkdaşı, rəqəmsal memarlıq üzrə mütəxəssis Hilal Baydemir iştirak etmişlər. Bu təlimlərdə gənc azərbaycanlı arxeoloqlar xüsusi tətbiqlərdən istifadə etməklə qazıntı ərazisinin və arxeoloji abidənin üç məkanlı (3D) təsvirinin yaradılması üzrə təcrübi biliklərə yiyələnməkdədirlər.
İlkin mərhələdə təlim obyekti kimi qoruq ərazisində tədqiq edilmiş kurqanlardan biri seçilmişdi. Azərbaycanlı arxeoloqlar LİDAR texnologiyası ilə çalışan proqramların (əsasən, 3d Scanner App və Polycam) vasitəsilə abidənin 3D modelinin yaradılması üsullarının praktiki tətbiqini gerçəkləşdirməyə başlamışlar.
Təlimlərdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun gənc əməkdaşları ilə yanaşı, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Arxeologiya və etnoqrafiya” şöbəsinin əməkdaşları da iştirak edirlər.
Qeyd edək ki, təlimlər üçün AMEA Arxeologiya və Antropologiya İnstitutunun satınalmalar vasitəsilə əldə etdiyi yeni avadanlıqlar - Apple iPad Pro planşetləri istifadə edilməkdədir.
Təlimlər qarşıdakı günlərdə də yaxın bölgələrdəki arxeoloji qazıntı sahələrində davam edəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.