AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində Şəmkir Arxeoloji Ekspedisiyasında BDU-nun tarix ixtisası üzrə təhsil alan tələbələri üçün “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Arxeoloji Yay Məktəbi keçirilir.
Yay Məktəbinin əsas məqsədi tələbələrin arxeologiya və keçmiş cəmiyyətlər haqqında nəzəri biliklərini dərinləşdirmək, onların arxeoloji qazıntı prosesində birbaşa iştirakını təmin etmək və tədqiqat bacarıqlarını inkişaf etdirməkdir. Arxeoloji Yay Məktəbi tələbələrə keçmişi öyrənmək, yüzilliklər və minilliklərə aid mədəni irs nümunələri ilə birbaşa təmas qurmaq, tədqiqatçılar komandasının üzvü olmaq, qədim artefaktların aşkarlanması və tarixi faktların elmi əsaslarla öyrənilməsi prosesində iştirak etmək imkanı yaradır.
Proqram nəzəri mühazirələr və praktiki təlimlərdən ibarətdir. Nəzəri məşğələlər aşağıdakı mövzuları əhatə edir:
● tədqiq olunan ərazinin tarixi və arxeoloji əhəmiyyəti;
● mədəni təbəqə və stratiqrafiya; arxeoloji qazıntılarda istifadə olunan alətlər və onlardan istifadənin xüsusiyyətləri;
● artefaktların tarixləndirilməsi;
● rəqəmsal arxeologiya;
● çöl tədqiqat sənədlərinin hazırlanması.
Nəzəri təlimlərlə yanaşı tələbələr təcrübəli arxeoloqların rəhbərliyi altında praktiki qazıntı işlərinə cəlb olunurlar. Praktiki məşğələlərin ilkin mərhələsində qazıntı sahəsinin seçilməsi və hazırlanması, koordinat torunun qurulması, sahənin işarələnməsi, reper nöqtəsinin müəyyən edilməsi, ərazinin səthinin təmizlənməsi və bitki örtüyünün götürülməsi qaydaları öyrədilir. Praktiki təlimin əsas hissəsini arxeoloji qazıntı prosesi təşkil edir. Tələbələr arxeoloqların nəzarəti altında bel, mala, fırça və digər zəruri alətlərdən istifadə etməklə mədəni təbəqələri tədqiq edir, üzə çıxarılan tikinti qalıqlarını təmizləyir və aşkar edilmiş artefaktları müvafiq qaydalara uyğun şəkildə götürürlər.
Təlim zamanı tələbələrə tikinti qalıqlarının yazılı təsvirinin hazırlanması, onların plan və çertyojlarının çəkilməsi, fotoqeydiyyatın aparılması, artefaktların tapılma şəraitinin yazılı, qrafik və vizual şəkildə sənədləşdirilməsi qaydaları da izah olunur.
Proqram çərçivəsində mədəni təbəqənin stratiqrafiyasının izlənilməsi, profil və sxemlərin hazırlanması, arxeoloji materialların çöl şəraitində sənədləşdirilməsi, tapıntıların ilkin təmizlənməsi, qorunması və təsnifatının aparılması üzrə praktiki bacarıqlar formalaşdırılır.
Əsas qazıntı və təlim işləri ilə yanaşı, Yay Məktəbinin proqramına Şəmkir bölgəsində yerləşən digər tarixi-arxeoloji abidələrə və muzeylərə ekskursiyalar da daxildir. Bu səfərlər tələbələrə aparılan tədqiqatların tarixi və mədəni kontekstini daha dərindən anlamağa, bölgənin səciyyəvi arxeoloji abidələri və artefakt nümunələri ilə yaxından tanış olmağa imkan verir.
Arxeoloji Yay Məktəbi Bakı Dövlət Universitetinin tələbələrinin nəzəri biliklərinin praktiki təcrübə ilə möhkəmləndirilməsi, onların arxeoloji irsin tədqiqi, qorunması və təbliği sahəsində peşəkar bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tələbələr abidənin narınqala sahəsində IX-X əsrlərin monumental binasının tədqiqinə müşahidəçi qismində deyil, təcrübəli arxeoloqların nəzarəti altında tədqiqatçılar komandasının üzvü kimi qoşularaq ilkin təcrübə, ilkin peşə bacarıqları alırlar: qazıntı prosesində işlədilən alətlər, onların istifadə qaydaları ilə tanış olur, qazıntı sahəsinin seçilməsi və qazıntıya hazırlanması (qazıntı torun qurulması, işarələnməsi, reperin təyin edilməsi) bəsit əməliyyatları: təndir və ocaqların təmizlənməsi, artefaktların, osteoloji qalıqların mədəni təbəqədə aşkarlanması, təmizlənməsi və götürülməsi, onların qeydə alınması üsullarını öyrənirlər. Tələbələr eyni zamanda təcrübəli arxeoloqlardan arxeoloji qazıntı prosesində aşkarlanan artefaktların sənədləşdirilməsi qaydaları ilə tanış olurlar.
Yay arxeoloji məktəbində tələbələr həmçinin çöl arxeologiya üzrə nəzəri təlimlərə cəlb olunur. Avqustun 3-də tələbələr arxeologiyanın elmlər sistemində yeri, arxeoloji abidələr növləri və keçmiş cəmiyyətlərin öyrənilməsində əhəmiyyəti, arxeoloji kəşfiyayat və arxeoloji axtarışlarda tətbiq olunan yeni texnologiyalar, avqustun 4-də daş dövrü düşərgələrinin, kənd tipli yaşayış yerlərinin və qədim şəhər yerlərinin arxeoloji qazıntı üsulları, mədəni təbəqə və stratiqrafiya, açıq və qapalı arxeoloji komplekslər, arxeologiyada rekokonstruksiya və s. məsələlər üzrə bilgilər əldə etmişlər.
Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.