Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır
12.08.2026 15:56
  • A-
  • A
  • A+

Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır

Azərbaycan dilinin istifadəsində bu gün ən çox müşahidə olunan problemlər sırasında orfoqrafik və orfoepik norma pozuntuları, sintaktik qüsurlar və əcnəbi sözlərin lüzumsuz işlədilməsi dayanır. Mütəxəssislər bildirirlər ki, bu hallar xüsusilə televiziya, reklam, sosial şəbəkələr və internet mediasında daha çox nəzərə çarpır. Rəqəmsal platformalarda informasiyanın sürətlə yayılması müsbət hal olsa da, sürət naminə dil normalarının gözardı edilməsi nitq və yazı mədəniyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, düzgün dil nümunələrinin sosial şəbəkələrdə təşviqi, xüsusilə gənclər arasında nitq və yazı mədəniyyətinin formalaşmasına mühüm töhfə verə bilər.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri professor Sevinc Əliyeva deyib.

Professor qeyd edib ki, cümlə quruluşunda yol verilən səhvlər Azərbaycan dilinin sabit sintaktik konstruksiyalarının pozulmasına gətirib çıxarır. Xüsusilə televiziya aparıcılarının nitqində yanlış üslub və sintaktik norma pozuntularına tez-tez rast gəlinir. Digər mühüm problem əcnəbi sözlərin lüzumsuz və yersiz işlədilməsidir. Qloballaşan dünyada müxtəlif dillərin bir-birinə təsir göstərməsi təbii prosesdir. Lakin bu təsir Azərbaycan dilinin milli xüsusiyyətlərinin və ədəbi dil normalarının qorunmasına mane olmamalıdır. Xüsusilə reklam mətnlərində, iaşə müəssisələrinin və müxtəlif obyektlərin adlandırılmasında bu baxımdan kifayət qədər problemlər mövcuddur. Sosial şəbəkələrdə və internet məkanında müşahidə olunan dil pozuntularını da xüsusilə qeyd etmək lazımdır. Bu məkanda ədəbi dil normalarına əməl edilməməsi yalnız dilin düzgün istifadəsinə deyil, ümumilikdə nitq mədəniyyətinin zəifləməsinə mənfi təsir göstərir.

Sosial şəbəkələrdə və ümumilikdə internet-media məkanında informasiyanın geniş auditoriyaya sürətlə çatdırılması, əlbəttə, müsbət hal hesab edilə bilər. Bu platformalar informasiyanın operativ şəkildə yayılmasına və istifadəçilərin onu qısa müddətdə əldə etməsinə geniş imkan yaradır. İstər oxucu, istər sayt müəllifi, istərsə də televiziya və digər media vasitələri baxımından informasiyanın sürətli şəkildə təqdim olunması mühüm üstünlükdür.

Lakin bu prosesin Azərbaycan dilinə həm müsbət, həm də mənfi təsirləri var. Mənfi tərəf, ilk növbədə, informasiyanın sürətlə hazırlanması və yayımlanması zamanı dil normalarına kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. Belə hallarda orfoqrafik və orfoepik norma pozuntuları, sözlərin yanlış yazılması və ya tələffüz edilməsi, cümlə quruluşunda səhvlər geniş yayılır. Xüsusilə internet mediasında sürətlilik bəzən dil normalarının arxa plana keçməsinə səbəb olur. Bundan əlavə, gənclər arasında sürətli yazışma zamanı sözlərin ixtisarla yazılması, başqa dillərin təsiri ilə müxtəlif ifadə və söz formalarının işlədilməsi də narahatlıq doğurur. Bütün bunlar göstərir ki, informasiyanın operativliyini təmin etməklə yanaşı, Azərbaycan dilinin ədəbi dil normalarının qorunmasına da ciddi diqqət yetirmək lazımdır. Eyni zamanda nəzərə almalıyıq ki, rəqəmsal platformalarda düzgün dil nümunələrinin təşviqi və təqdim olunması xüsusilə gənclər arasında həm nitq, həm də yazı mədəniyyətinin formalaşmasına əhəmiyyətli və sürətli təsir göstərə bilər. Bu baxımdan rəqəmsal media yalnız dil normalarının pozulduğu məkan kimi deyil, həm də düzgün Azərbaycan dilinin təbliği və yayılması üçün mühüm vasitə kimi dəyərləndirilməlidir. Belə yanaşma mövcud dil risklərinin azaldılmasına və cəmiyyətin ümumi nitq mədəniyyətinin yüksəldilməsinə mühüm töhfə verə bilər.

AzərTac

  • Paylaş: