Vasim Məmmədəliyevi 1970-ci illərdən tanıyırdım. Mən o zaman Bakı şəhəri 9 nömrəli tibb məktəbində təhsil alırdım. Onun atası - Sankt-Peterburq Tibb Akademiyasının məzunu, ensiklopedik biliyə malik Məmmədəli müəllim mənə latın dili və farmakologiya fənlərindən dərs deyirdi.
Bu sözləri açıqlamasında Bakı Dövlət Universitetinin Botanika kafedrasının müdiri biologiya elmləri doktoru, professor Elşad Qurbanov söyləyib. O, görkəmli şərqşünas-alim akademik Vasim Məmmədəliyevlə uzun illər eyni universitetdə çalışıb.
“1980-ci ildən mən də universitetdə işlədiyim üçün Vasim müəllimi yaxından tanımağa başladım. Onun şəxsiyyətində alimlik, ziyalılıq, müdriklik və təvazökarlıq kimi yüksək keyfiyyətlər vəhdət təşkil edirdi. Belə bir deyim var ki, dörd adam dörd şeylə tanınar: yazı yazan yazısı ilə, alim cavabı ilə, hikmət sahibi işi ilə, həlim adam yumşaqlığı ilə. Akademik Vasim Məmmədəliyevə bu meyarlarla yanaşsaq, həmin dörd xüsusiyyətin hamısının onda cəmləşdiyini görərik”, – deyə E.Qurbanov vurğulayıb.
Professor deyib: “Vasim Məmmədəliyevin özünəməxsus yazı üslubu olub. O, həmçinin 26 yaşında namizədlik, 32 yaşında doktorluq dissertasiyasını müdafiə edib. “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib, çoxsaylı kitab və elmi məqalələr yazıb. Onun bilik dairəsi yalnız şərqşünaslıq və ilahiyyatla məhdudlaşmırdı. Tarix, ədəbiyyat və dinlə bağlı sualları yüksək elmi səviyyədə cavablandırır, klassik Azərbaycan ədəbiyyatını dərindən bilməsi və fenomenal yaddaşı ilə seçilirdi. İti zəkası, poetik duyumu, sevdiyi şairlərin əsərlərindən böyük parçaları əzbər söyləmək qabiliyyəti var idi. O, daim böyük məsuliyyət hissi ilə çalışan, hər sözün mənasını əvvəlcədən düşünərək işlədən alimlərdən olub. Əminəm ki, həmin bacarıqları öz yetirmələrinə də aşılayıb”.
Müsahibimiz, akademikin natiqlik qabiliyyətini və zəngin şifahi nitqini də xatırlayıb. Onun sözlərinə görə, Vasim Məmmədəliyevin universitetdə keçirilən müxtəlif tədbirlərdə çıxışları hər zaman böyük maraqla qarşılanıb.
E.Qurbanov akademikin ictimai fəaliyyətindən də danışaraq onun dini-mənəvi dəyərlərin, tolerantlığın və insanlara hörmətin təbliğində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Vasim Məmmədəliyev uzun illər televiziya proqramlarında çıxış edərək insanları saflığa, paklığa, digər dinlərə hörmətlə yanaşmağa və vətənpərvərliyə çağırıb.
“Vasim müəllimi yaxından tanımaq, onunla bir kollektivdə çalışmaq mənim üçün böyük fəxr idi. O, zəngin elmi irsi, yüksək ziyalılığı, müdrikliyi və insani keyfiyyətləri ilə yaddaşlarda daim yaşayacaq”, - deyə alim fikrini yekunlaşdırıb.