Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq
31.08.2026 17:06
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyinə həsr olunmuş yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli açıqlamasında bildirib.

Onun sözlərinə görə, yubiley çərçivəsində “Çingiz Aytmatov və Azərbaycan məktublarda” adlı birgə nəşrin tərtibatı nəzərdə tutulur. Layihənin əsas məqsədi görkəmli yazıçının Azərbaycanla ədəbi, elmi və mənəvi əlaqələrini arxiv sənədləri, məktublaşmalar və digər yazılı mənbələr əsasında üzə çıxarmaq, bu zəngin irsi elmi və ictimai dövriyyəyə daxil etməkdir. Nəşrdə Çingiz Aytmatovun Azərbaycan ədəbiyyat və elm xadimləri ilə münasibətlərini, qarşılıqlı yaradıcılıq və fikir mübadiləsini əks etdirən məktubların, arxiv materiallarının və sənədlərin toplanaraq sistemləşdirilməsi nəzərdə tutulur. Mehman Həsənli qeyd edib ki, belə bir nəşrin hazırlanması dünyaşöhrətli yazıçının Azərbaycanla çoxşaxəli əlaqələrinin daha geniş şəkildə tədqiqinə, iki qardaş xalqın ədəbi-mədəni münasibətlərinin yeni arxiv materialları əsasında öyrənilməsinə mühüm töhfə verə bilər.

Layihənin həyata keçirilməsi nəticəsində Çingiz Aytmatovun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin yeni fakt və sənədlər əsasında təqdim olunması, həmçinin yazıçının yaradıcılıq irsinin müasir elmi araşdırmalarda daha geniş təbliği gözlənilir.

AzərTac

  • Paylaş: