Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qırğız və Azərbaycan ədəbiyyatları müqayisəli şəkildə tədqiq edilir
31.08.2026 23:20
  • A-
  • A
  • A+

Qırğız və Azərbaycan ədəbiyyatları müqayisəli şəkildə tədqiq edilir

Qırğız və Azərbaycan ədəbiyyatlarının müqayisəli-tipoloji tədqiqi istiqamətində araşdırma aparıram. Tədqiqat zamanı ortaq türk mifoloji və folklor düşüncəsi, milli-mədəni yaddaş, identiklik və arxetipik modellər diqqət mərkəzində saxlanılır.

Bu barədə açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun əməkdaşı, dissertant Nəzrin Əliyeva söyləyib. O bildirib ki, elmi fəaliyyətinin əsas istiqamətlərindən biri Qırğız ədəbiyyatının poetik-estetik xüsusiyyətlərinin, milli-mədəni düşüncə sisteminin, folklor-mifoloji qaynaqlarının, mifoloji obraz və süjetlərin bədii transformasiyasının, arxetipik modellərin ədəbi mətnlərdə təzahürünün, həmçinin milli-mədəni yaddaşın bədii ifadə formalarının araşdırılmasıdır.

Tədqiqatçı XX əsr Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıcılığına da xüsusi diqqət yetirib. Onun əsərlərində folklor və mifoloji düşüncə elementlərinin müasir bədii təfəkkürlə sintezi, mifoloji-arxetipik obrazların funksional xüsusiyyətləri, milli yaddaş, milli kimlik, zaman və milli-mənəvi dəyərlər problemlərinin bədii həlli araşdırılıb.

N.Əliyeva Çingiz Aytmatov yaradıcılığını Azərbaycan ədəbiyyatı, xüsusilə Mövlud Süleymanlının nəsri ilə müqayisəli şəkildə tədqiq edib. Araşdırmalarda hər iki ədəbiyyatda ortaq türk mifoloji təfəkkürünün, folklor qaynaqlarının və arxetipik modellərin fərqli milli-estetik mühitlərdə transformasiyası məsələləri təhlil olunub.

Müsahibimiz qeyd edib ki, Qırğız ədəbiyyatının tədqiqi zamanı bədii mətnlərlə yanaşı, qırğız xalqının tarixi-mədəni yaddaşı və milli identiklik modeli də nəzərə alınır. Bu çərçivədə qırğız folklorunun, mifoloji təsəvvürlərin, epik ənənənin və milli-mədəni kodların müasir ədəbiyyatda yenidən mənalandırılması məsələləri araşdırılır.

Nəzrin Əliyevanın elmi araşdırmaları Qırğızıstanın musiqi və mədəni irsini də əhatə edir. O, “Toqtoqul Satılqanovun Qırğız musiqisinin inkişafında rolu” adlı elmi məqalə hazırlayıb. Məqalə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış elmi-mədəni nəşrə təqdim edilib. Araşdırmada Toqtoqul Satılqanovun yaradıcılıq irsinin qırğız musiqi mədəniyyətinin formalaşması və inkişafındakı rolu, xalq yaradıcılığı ənənələri ilə əlaqəsi, həmçinin milli-mədəni yaddaşın qorunmasındakı əhəmiyyəti təhlil olunub.

AzərTac

  • Paylaş: