Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.09.2026 12:04
  • A-
  • A
  • A+

Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb

Şəki və Qaxın çaylarında temperatur göstəriciləri üzrə monitorinq aparılıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən Şəki və Qax rayonlarının çaylarında ekoloji müşahidələr və tədqiqatlar həyata keçirilib.

Araşdırma Şin, Kürmükçay və Qaçqaçay çaylarını əhatə edib.

Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğ.ü.f.d. Qafqaz Ağabalayevin bildirib ki, monitorinqin əsas istiqamətlərindən biri çay sularının temperatur dəyişkənliyinin izlənilməsi olub. Eyni zamanda, suyun temperaturu ilə atmosferdəki temperatur göstəricilərinin müqayisəsi aparılıb, çayların temperatur rejiminə təsir göstərə biləcək təbii amillər nəzərdən keçirilib.

Qafqaz Ağabalayev vurğulayıb ki, müşahidələr zamanı suyun temperaturu ilə yanaşı, çay yatağının ətrafındakı və atmosferdəki temperatur göstəriciləri də qeydə alınıb. Şin çayında ölçmələr ay ərzində gündəlik, Kürmükçay və Qaçqaçayda isə beş dəfə həyata keçirilib.

Onun sözlərinə görə, tədqiqat zamanı hava axınlarının, xüsusilə çay vadisi boyunca hərəkət edən hava kütlələrinin, həmçinin yağıntılı hava şəraitinin temperatur göstəricilərinə təsiri də müşahidə olunub. Sel və yağıntılardan sonra suda yaranan bulanıqlıq və lillənmənin temperatur rejimi ilə mümkün əlaqəsi də araşdırmanın diqqət mərkəzində olub.

Şöbə müdiri bildirib ki, monitorinq nəticələri əsasında hər üç çay üzrə temperatur göstəricilərini əks etdirən ilkin məlumat bazası yaradılıb. Toplanmış məlumatların gələcək müşahidələrin nəticələri ilə müqayisəsi çay ekosistemlərində temperatur dəyişmələrinin daha geniş şəkildə öyrənilməsinə imkan yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: