Türkiyənin Kilis şəhərində Kilis 7 Aralık Universiteti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV Beynəlxalq Simpoziumun konfrans materialları çap olunub.
Beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, İndoneziya, Malayziya, Misir, İordaniya, BƏƏ, Əlcəzair, Livan, İraq, Almaniya, İspaniya və digər ölkələri təmsil edən 150-dən çox alim və tədqiqatçı iştirak etmişdir.
Simpoziumun konfrans materiallarında AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin əməkdaşlarının da dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı, yaradıcılığı, poetik irsi və əsərlərində əks olunan ümumbəşəri dəyərlərlə bağlı elmi məqalələri nəşr olunub.
Mərkəzin alimləri simpoziumda “Nizami Gencevi'nin yaratıcılığı Azerbaycan halkının hoşgörüsünün bir tezahürüdür”, “Gence'nin tarihsel gelişiminde çokkültürlülük ve edebi ortamın rolü”, “Nizami Gencevinin eserlerinde ilahi sevgi konsepti ve İslam kültüründeki yeri”, “Nizami Gencevinin ‘Yeddi Gözəl’ poemadında sözün hikməti”, “Nizami Gencevi yaratıcılığında kadın karakteri sistemi içürisinde Mehinbanu figürü” və “Nizami Gencevinin poetik mirasında evrensel değerler ve çokkültürle diyalog” adlı məqalələrlə çıxış ediblər.
Məqalələrdə Nizami Gəncəvinin yaradıcılığında ilahi sevgi, sözün hikməti, qadın obrazları, ümumbəşəri dəyərlər, tolerantlıq, sülh, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və çoxmədəniyyətlilik kimi mühüm mövzular araşdırılıb.
Tədqiqatlarda, həmçinin Gəncənin tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqədə olduğu mühüm ədəbi-mədəni mərkəz kimi formalaşması, XII əsr Gəncə ədəbi mühiti, Nizami Gəncəvi və Məhsəti Gəncəvinin yaradıcılığı, eləcə də XIX əsrdə Mirzə Şəfi Vazehin fəaliyyəti və “Divan-i Hikmət” ədəbi məclisinin mədəniyyətlərarası dialoqa təsiri təhlil edilib.
Konfrans materiallarının beynəlxalq elmi ictimaiyyətə təqdim olunması AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin alimlərinin apardığı elmi-tədqiqatların, xüsusilə Nizami Gəncəvi irsinin müasir elmi müstəvidə araşdırılması və beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.