Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Muxtar Babayev: Bərpaolunan enerjiyə investisiyaların həcmi sürətlə artır
10.09.2026 15:20
  • A-
  • A
  • A+

Muxtar Babayev: Bərpaolunan enerjiyə investisiyaların həcmi sürətlə artır

Son illərdə bərpaolunan enerjiyə qoyulan investisiyaların həcmi ənənəvi enerji mənbələrinə yatırımları əhəmiyyətli dərəcədə üstələyib. Enerji və su təhlükəsizliyi isə iqlim dəyişmələri fonunda ölkələr üçün əsas çağırışlardan birinə çevrilir.

Bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransın açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev deyib.

“2015-ci ildə dünyada neft, qaz və kömürə təxminən 1 trilyon dollar, bərpaolunan enerjiyə də eyni həcmdə sərmayə qoyulmuşdu. 2025-ci ildə ənənəvi enerji mənbələrinə qoyulan investisiyalar təxminən 1 trilyon dollar səviyyəsində qaldığı halda, alternativ enerjiyə yatırımlar 2,2 trilyon dollara çatıb. Bu, artıq təkcə siyasi proses deyil, iqtisadi reallıqdır.

Bu gün günəş panelləri və elektrik avtomobilləri yalnız ekoloji baxımdan deyil, iqtisadi səmərəliliyinə görə də diqqət çəkir. Dünyada elektrikləşmə prosesi sürətlə gedir və enerji təhlükəsizliyi məsələsi də getdikcə daha böyük əhəmiyyət qazanır.

Enerji böhranları göstərir ki, hər hansı münaqişə və ya geosiyasi gərginlik qısa müddətdə enerji daşıyıcılarının qiymətlərinə və qlobal iqtisadi proseslərə təsir göstərə bilər. Buna görə də ölkələr bərpaolunan enerjiyə sərmayələri artırmaqla enerji təhlükəsizliyini gücləndirməyə çalışırlar.

İqlim dəyişmələri su resursları ilə bağlı riskləri də artırır. Dünyanın müxtəlif bölgələrində su ehtiyatlarından istifadə məsələsi artıq dövlətlərarası münasibətlərə təsir edən amillərdən birinə çevrilib. Əhali artımı və urbanizasiya bu təzyiqi daha da gücləndirir”, - deyə Muxtar Babayev əlavə edib.

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, proqnozlara görə, 2040-cı ilədək dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bu isə enerji, su, ərzaq təminatı və tullantıların idarə olunması ilə bağlı yeni çağırışlar yaradacaq. Ona görə də gələcək üçün enerji və su təhlükəsizliyinin təmin olunması, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi vacibdir.

AzərTac

  • Paylaş: