Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Sadiq Qurbanov: İqtisadi inkişafla təbiət arasında harmoniyanın yaradılması prioritet olmalıdır
10.09.2026 15:27
  • A-
  • A
  • A+

Sadiq Qurbanov: İqtisadi inkişafla təbiət arasında harmoniyanın yaradılması prioritet olmalıdır

İqtisadi inkişafla təbiətin qorunması arasında harmoniyanın yaradılması müasir dövrdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə elmi araşdırmaların və alimlərin fəaliyyətinin dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.

Bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda çıxışı zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.

“Bugünkü əsas məqsəd iqtisadi inkişafla təbiət arasında harmoniyanın yaradılması olmalıdır. Bu, dövlətlərin üzərinə böyük məsuliyyət qoyur. Dövlətlər bu prosesi alimləri, ziyalıları və elmi araşdırmalar vasitəsilə tənzimləməyə çalışmalıdırlar.

Bu gün süni intellektin insan zəkasını üstələyəcəyi və dünyanın qarşısında duran problemlərin həllinə böyük təkan verəcəyi barədə fikirlər səslənir. Lakin unutmamalıyıq ki, bu dünya bizimdir, insanların dünyasıdır. Onu qorumaq isə ilk növbədə insanın və alimin üzərinə düşən böyük vəzifədir.

2050-ci ilədək müasir dünyadakı enerji tələbatının təxminən 85 faizi qədər əlavə enerjiyə ehtiyac yaranacağı bildirilir. Bu baxımdan nüvə enerjisi də xüsusi əhəmiyyət kəsb edir. Müasir nüvə texnologiyalarında təhlükəsizlik məsələləri əvvəlki nəsillərlə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

Enerji məsələsi ilə yanaşı, su resurslarının qorunması da mühüm əhəmiyyət daşıyır. Xəzər dənizinin səviyyəsinin dəyişməsi, yeni quru ərazilərin yaranması və bunun mümkün ekoloji və sağlamlıq fəsadları alimlər tərəfindən daha geniş araşdırılmalıdır”, – deyə Sadiq Qurbanov bildirib.

Komitə sədri qeyd edib ki, bu gün keçirilən konfrans yalnız mövcud elmi tədqiqatların təqdimatı baxımından deyil, gələcək araşdırmalar üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir.

AzərTac

  • Paylaş: