Azərbaycanda davamlı inkişaf və ekoloji sivilizasiya ilə bağlı yanaşmaların əsası uzun illər əvvəl qoyulub və bu istiqamətdə mühüm elmi, təhsil və idarəçilik təcrübəsi formalaşıb.
Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov deyib.
“Bu gün yaşıl təfəkkürdən danışırıq. Əslində, iqtisadi inkişafla təbiət arasında harmoniyanın yaradılması üçün bundan başqa yol yoxdur. Azərbaycanda davamlı inkişaf anlayışı yeni deyil. Hələ 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi Təhsil Strategiyasında insan inkişafı və davamlı inkişaf məsələləri öz əksini tapmışdı. 2005-ci ildə isə orta məktəblərdə “İnsan və cəmiyyət” fənnində bu məsələlər tədris olunurdu.
Azərbaycanda ekoloji sivilizasiya, davamlı inkişaf və ətraf mühit məsələləri üzrə elmi yanaşmalar da uzun müddətdir formalaşıb. Bu baxımdan ölkəmizin təcrübəsi beynəlxalq səviyyədə də diqqət çəkir, - deyə Urxan Ələkbərov bildirib.
Akademik qeyd edib ki, Azərbaycana göstərilən marağın səbəblərindən biri də ölkəmizdə dövlət idarəçiliyində yeni texnologiyaların tətbiqidir: “Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdu, Prezident İlham Əliyev isə onu yeni səviyyəyə yüksəltdi.
Azərbaycanda tətbiq olunan tamamlayıcı texnologiyalar bütün tərəfdaşların maraqlarının nəzərə alınmasını və onların imkanlarının gücləndirilməsini nəzərdə tutur. Rezonans texnologiyalarının mahiyyəti isə bu gün qəbul edilən qərarların nəticələrinin gələcəkdə özünü göstərməsidir”.
Alim əlavə edib ki, bu gün dünyada yaşıl təfəkkürə və ekoloji sivilizasiyaya artan marağın əsas səbəblərindən biri elmlə idarəçiliyin vəhdətinə ehtiyacın yaranmasıdır. Bu məsələlərin hamısı elmlə bağlıdır. Ona görə də alimlərin qarşısında böyük vəzifələr dayanır. Bugünkü konfrans yalnız mövcud tədqiqatların təqdimatı deyil, həm də gələcək elmi araşdırmalar üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.