Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Pənah Muradov: Mikroorqanizmlər davamlı inkişaf və iqlim dəyişmələri ilə mübarizədə mühüm imkanlar yaradır
10.09.2026 15:54
  • A-
  • A
  • A+

Pənah Muradov: Mikroorqanizmlər davamlı inkişaf və iqlim dəyişmələri ilə mübarizədə mühüm imkanlar yaradır

Mikroorqanizmlər həm təbii ekosistemlərin fəaliyyətində, həm də müxtəlif biotexnoloji sahələrdə mühüm rol oynayır. Onların yüksək temperatura və quraqlığa davamlı xüsusiyyətlərindən iqlim dəyişmələrinin yaratdığı problemlərin həllində istifadə etmək mümkündür.

Bu sözləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Pənah Muradov deyib.

“Ətraf mühit və mikroorqanizmlər: davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda çıxış edən Pənah Muradov bildirib ki, davamlı inkişafın əsas şərtlərindən biri ekoloji, iqtisadi və sosial amillər arasında tarazlığın təmin edilməsidir. Bu baxımdan biomüxtəlifliyin, xüsusilə mikroorqanizmlərin imkanlarının öyrənilməsi böyük əhəmiyyət daşıyır.

“Bu gün elmə məlum olan mikroorqanizmlərin sayı təbiətdə mövcud olan real müxtəlifliyi tam əks etdirmir. Molekulyar metodların inkişafı göstərir ki, xüsusilə göbələklərin və bakteriyaların növ müxtəlifliyi əvvəllər hesab ediləndən dəfələrlə çoxdur. Bu görünməyən canlı aləmin imkanlarından davamlı inkişaf məqsədləri üçün istifadə etmək zəruridir.

Təbiətdə elə bir proses yoxdur ki, mikroorqanizmlər orada mühüm rol oynamasın. Onlar üzvi maddələrin parçalanmasında, torpaqda müxtəlif maddələrin formalaşmasında və ekosistemlərin fəaliyyətində həlledici funksiyaları yerinə yetirirlər. Eyni zamanda, mikroorqanizmlərdən müasir biotexnologiyanın müxtəlif istiqamətlərində geniş istifadə olunur.

Qlobal iqlim dəyişmələrinin əsas nəticələrindən biri temperaturun yüksəlməsi, quraqlıq və səhralaşma proseslərinin güclənməsidir. Bu baxımdan yüksək temperaturda həyat fəaliyyətini qoruyan və praktiki əhəmiyyətli məhsullar yarada bilən mikroorqanizmlərin xüsusiyyətləri mühüm imkanlar açır. Məlum canlılar arasında ən yüksək temperaturlara davam gətirən orqanizmlərdən biri bakteriyalardır. Göbələklər isə quraqlığa davamlılığı ilə seçilir.

Bu xüsusiyyətlərdən istifadə etməklə iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə yeni yanaşmalar formalaşdırmaq mümkündür. Hazırda bitkilərlə bakteriyalar arasında simbiotik münasibətlərin daha yüksək temperatur şəraitində səmərəli şəkildə həyata keçirilməsi istiqamətində də elmi tədqiqatlar aparılır”, – deyə Pənah Muradov bildirib.

AzərTac

  • Paylaş: