Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor İlham Məmmədzadə: Yaşıl zəka insan zəkasının təbiətin qorunmasına yönəlməsini nəzərdə tutur
10.09.2026 16:02
  • A-
  • A
  • A+

Professor İlham Məmmədzadə: Yaşıl zəka insan zəkasının təbiətin qorunmasına yönəlməsini nəzərdə tutur

İnsan zəkasının etik prinsiplərə, təbiətin qorunmasına və davamlı inkişafa yönəldilməsi yaşıl zəka anlayışının əsas məqamlarından biridir. Bu yanaşmanın formalaşmasında elm, fəlsəfə və süni intellektlə bağlı proseslərin qarşılıqlı əlaqəsi xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə səsləndirib.

“Yaşıl zəka, süni intellekt və şüur fəlsəfəsi” mövzusunda çıxış edən professor İlham Məmmədzadə bildirib ki, yaşıl zəka bitkilərin zəkası demək deyil: “Burada söhbət insan zəkasının etik və əxlaqi prinsiplər əsasında formalaşmasından, təbiətin qorunmasını əsas məqsədlərdən biri kimi qəbul etməsindən gedir. Bu baxımdan yaşıl zəkanın yaşıl şüurla əlaqəsinin necə qurulması mühüm suallardan biridir. Bu proses yalnız elmdən deyil, fəlsəfədən və digər sosial amillərdən də asılıdır.

Süni intellektin yaşıl zəka ilə münasibəti də ayrıca araşdırılmalıdır. Çünki süni intellekt texnologiyalarının inkişafı böyük həcmdə enerji və su resurslarının istifadəsini tələb edir. Bununla yanaşı, süni intellekt iqlim dəyişmələrinin monitorinqi, proqnozlaşdırılması və müxtəlif problemlərin həlli üçün mühüm imkanlar da yaradır. Ona görə də burada həm mənfi təsirləri, həm də müsbət potensialı nəzərə almaq lazımdır.

Rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə insanın rəqəmsal texnologiyalardan kənarda qalaraq yalnız ideyalar üzərində fəaliyyət göstərməsi məsələsi də düşünülməlidir. Əsas məsələ insanın texnologiya ilə necə münasibət qurması və bu prosesdə hansı dəyərləri əsas götürməsidir.

Digər mühüm məsələ yaşıl zəkanın cəmiyyətə təsiridir. Yaşıl şüurun formalaşması ilə yanaşı, onun digər insanlara və sosial proseslərə necə təsir göstərdiyini də araşdırmaq lazımdır. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün aktual problemdir.

Süni intellektlə necə işləməyimiz də əsas məsələlərdən biridir. Əgər bu texnologiyanın təsirlərini düzgün istiqamətləndirməsək, müəyyən proseslər nəzarətimizdən kənarda inkişaf edə bilər. Bu gün bəzi hallarda insanların sosial mediaya və süni intellektə elmə olduğundan daha çox etibar etməsi müşahidə olunur. Hesab edirəm ki, elmin cəmiyyətdə nüfuzunu və təsir imkanlarını gücləndirmək vacibdir”.

Professor qeyd edib ki, hazırda dünyada milyardlarla insan yaşayır və insan fəaliyyətinin planetə təsiri olduqca böyükdür. Buna görə də əsas məsələ nəyə və necə təsir edə bildiyimizi müəyyənləşdirməkdir. Müasir dövr bizdən təsir amilini yenidən gündəmə gətirməyi və elmin cəmiyyətə təsir imkanlarını gücləndirməyi tələb edir. Bu baxımdan alimlərin qarşısında mühüm vəzifələr dayanır.

AzərTac

  • Paylaş: