Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

MEK-in tərtibatında “Şöhrət” ordenli alim Oqtay Əfəndiyevin biblioqrafik göstəricisi nəşr edilib
11.09.2026 14:50
  • A-
  • A
  • A+

MEK-in tərtibatında “Şöhrət” ordenli alim Oqtay Əfəndiyevin biblioqrafik göstəricisi nəşr edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli tarixçi-şərqşünas, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordenli alim Oqtay Əfəndiyevin həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstəricisi nəşr olunub.

Alimin 100 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən “Elm” nəşriyyatında çap edilib.

Nəşrdə bir neçə monoqrafiyanın, yüzdən artıq elmi məqalənin müəllifi, Azərbaycan tarixinin orta çağlarının tədqiqi və Azərbaycan tarixinə dair xəritələrin tərtib olunması işində xüsusi xidmətləri olan, Azərbaycan Səfəvişünaslığın banisi, xalqın yaddaşında Vətən medievistikasının yaranması, təşəkkülü və inkişafı mərhələsində müstəsna rol oynamış alimin həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti əksini tapıb.

Biblioqrafik göstəricidə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, AMEA Rəyasət Heyətinin qərarı, “Həyatı, elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri”, “Görkəmli elm xadimləri Oqtay Əfəndiyev haqqında”, “Əsərlərinin biblioqrafiyası”, “Redaktoru və rəyçisi olduğu kitablar”, “Elmi rəhbərlik etdiyi dissertasiya işləri”, “Həyat və yaradıcılığı haqqında” və “Soraq-axtarış aparatı” kimi bölmələr sistemli şəkildə təqdim olunub.

Bundan əlavə, biblioqrafik göstəricidə tarix elmləri doktoru Xeyirbəy Qasımovun “Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi” adlı oçerki yer alıb.

Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə həmin şöbənin baş biblioqrafı Türkan Vahidovadır.

Nəşrlə MEK-in saytının “Elektron kitablar” bölməsində onlayn tanış olmaq mümkündür.

  • Paylaş: