Sentyabrın 12-də AMEA-nın Əsas binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Altay Cəmiyyətləri Akademik Qurumunun prezidenti, İstanbul 29 May Universitetinin professoru İlhan Şahin çıxış edərək XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun əhəmiyyətindən danışıb. O, Altayşünas alimləri bir araya gətirən, onların elmi əlaqələrinin möhkəmlənməsinə və gələcək əməkdaşlıqlarının inkişafına imkan yarada ənənəvi simpoziumun bu il 1926-cı ildə Bakıda keçirilmiş və elm aləmində böyük əks-səda doğurmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunduğunu xatırladıb.
Professor İlhan Şahin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasında “Altay tədqiqatlarının dünəni, bu günü və sabahı” mövzusunda keçirilən simpozium Türk Dövlətləri Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Beynəlxalq Türk Akademiyası, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu – Türk Tarix Qurumu, Türk Dünyası Bələdiyyələr Birliyi, İstanbul Esnaf və Sənətkarlar Odaları Birliyi, İstanbul 29 May Universiteti, Tekirdağ Namik Kamal Universiteti və digər qurumların əməkdaşlığı ilə təşkil olunub. O, simpoziumun keçirilməsinə dəstək göstərən bütün qurumlara Altayşünas alimlər adından təşəkkürünü bildirib.
Sentyabrın 9-dan 12-dək AMEA-da davam edən simpoziumda müxtəlif ölkələrdən 120-yə yaxın alimin iştirak etdiyini söyləyən professor İlhan Şahin bu göstəricinin beynəlxalq elmi toplantıya marağın və onun illər ərzində formalaşmış nüfuzunun göstəricisi olduğunu vurğulayıb.
Professor İlhan Şahin simpoziumun daimi iştirakçılarına və elmi əməkdaşlığın inkişafına töhfə verən həmkarlarına minnətdarlığını ifadə edib. Bildirib ki, simpozium çərçivəsində təqdim olunan məruzələrin gələn il keçiriləcək növbəti toplantıya qədər kitab şəklində nəşr olunması və iştirakçılara təqdim edilməsi nəzərdə tutulur.
Altayşünas alimləri bir araya gətirən simpoziumlar silsiləsinin gələn il də davam etdiriləcəyini diqqətə çatdıran prof. İlhan Şahin növbəti toplantının Monqolustan Elm və Texnologiya Universitetinin ev sahibliyi ilə Ulan-Batorda keçirilməsinin qərara alındığını söyləyib.
Sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA-da keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda mühüm elmi məruzələrin dinlənildiyini və geniş müzakirələrin aparıldığını bildirib. Qeyd edib ki, müasir qloballaşma dövründə hər bir xalq və etnos mədəniyyətlər və sivilizasiyalararası dialoq mühitində öz doğma ailəsini axtarır. O, Prezident İlham Əliyevin sözlərinə istinad edərək, türk xalqlarının ən böyük ailəsinin türk dünyası olduğunu vurğulayıb.
Sərxan Xavəri XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmasını da mühüm və simvolik hadisə kimi qiymətləndirib. Vurğulayıb, 100 il əvvəl türk dünyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu missiyanı bu gün də uğurla davam etdirir.
O, Altay Simpoziumunun türk xalqlarının elminin, mədəniyyətinin, tarixinin və ədəbiyyatının öyrənilməsində xüsusi rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, müasir dövrdə xalqların və dövlətlərin dünyada öz mövqeyini möhkəmləndirməsi elmin, biliyin və mədəniyyətin inkişafından, eləcə də informasiya imkanlarından səmərəli istifadədən keçir. Şöbə müdiri bu baxımdan Altayşünaslıq istiqamətində aparılan araşdırmaların yalnız tarixi və mədəni irsin öyrənilməsi deyil, eləcə də həmin irsin müasir informasiya məkanında tanıdılması baxımından əhəmiyyət daşıdığını deyib.
Sərxan Xavəri simpozium çərçivəsində aparılan elmi müzakirələrin türk xalqlarının ortaq tarixinin, mədəni və ədəbi irsinin daha dərindən araşdırılması üçün yeni imkanlar yaratdığını qeyd edərək, bu istiqamətdə elmi əlaqələrin genişləndirilməsi və qarşılıqlı fikir mübadiləsinin davam etdirilməsinin qarşıdakı dövrdə də böyük önəm daşıyacağını bildirib.
Daha sonra çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev vurğulayıb ki, dörd gün ərzində AMEA-da keçirilən simpoziumda Altayşünaslığın və türkologiyanın müxtəlif problemlərinə, o cümlədən folklor, ədəbiyyat, tarix, dil və mədəniyyət məsələlərinə həsr olunmuş 120-dən artıq məruzə dinlənilib.
Direktor qeyd edib ki, XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun ölkəmizdə və ümumilikdə türk dünyasında xüsusi əhəmiyyət daşıyan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunması olduqca əlamətdar hadisədir. 100 il əvvəl Türk dünyasının görkəmli ziyalı və alimlərini bir araya gətirən Birinci Türkoloji Qurultay yalnız elmi müzakirə platforması deyil, eyni zamanda türk xalqlarının dili, tarixi, ədəbiyyatı, folkloru və mədəni irsi haqqında ortaq elmi düşüncənin formalaşması baxımından mühüm intellektual hadisə idi. Qurultay müxtəlif elm sahələrini bir araya gətirməklə türkoloji araşdırmaların gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm zəmin yaratmışdı.
“Təəssüf ki, sonrakı dövrdə Qurultay iştirakçılarının və türkoloji düşüncənin aparıcı nümayəndələrinin repressiyalara məruz qalması, eləcə də sovet ideoloji-senzura siyasətinin yaratdığı məhdudiyyətlər bu elmi ənənənin təbii inkişafına ciddi maneələr törətdi. Bununla belə, 100 il əvvəl yandırılan elmi-intellektual məşəl sönmədi. Bu gün həmin irs yeni tarixi və elmi şəraitdə yenidən aktuallaşır. Müasir mərhələdə türkologiya yalnız keçmişi öyrənən bir elm sahəsi kimi deyil, həm də türk xalqları arasında ortaq tarixi-mədəni yaddaşın, elmi əməkdaşlığın və intellektual əlaqələrin inkişafına xidmət edən mühüm platforma kimi öz əhəmiyyətini artırır”, - deyə Hikmət Quliyev əlavə edib.
O, türkologiya və Altayşünaslığın türk xalqlarının tarixini, mədəniyyətini, folklorunu, dilini və ədəbi irsini qarşılıqlı əlaqələr və geniş tarixi-mədəni kontekst daxilində araşdırmağa imkan verən mühüm elmi istiqamətlərdən olduğunu söyləyib. Qeyd edib ki, xüsusilə Altaydan Avropaya qədər uzanan geniş coğrafiyanın müxtəlif xalqların tarixi-mədəni əlaqələri, ortaq və fərqli inkişaf modelləri, mifoloji dünyagörüşləri, folklor sistemləri və kollektiv yaddaş formaları baxımından öyrənilməsi bu sahələrin elmi potensialını daha da genişləndirir.
Hikmət Quliyev vurğulayıb ki, simpozium çərçivəsində müzakirə olunan mövzuların rəngarəngliyi və müxtəlif elm sahələrini təmsil edən alimlərin iştirakı burada multidissiplinar elmi yanaşmanın formalaşmasına imkan yaradıb. Folklorşünaslıq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, antropologiya və mədəniyyətşünaslıq perspektivlərinin bir araya gəlməsi Altay və türk dünyası ilə bağlı məsələlərə yalnız ayrı-ayrı sahələrin deyil, bütöv bir elmi sistemin qarşılıqlı əlaqəsi kontekstində yanaşmağa şərait yaradıb. O, müasir Altayşünaslığın və türkologiyanın qarşısında duran əsas vəzifələrdən birinin məhz bu multidissiplinar elmi əməkdaşlığı daha sistemli və davamlı müstəviyə çıxarmaq olduğunu bildirib.
“AMEA-da son illərdə humanitar və ictimai elmlər sahəsində aparılan islahatlar, elmi tədqiqatların müasir metodoloji istiqamətlər üzrə inkişaf etdirilməsi, eləcə də Türk dünyası və beynəlxalq elmi ictimaiyyətlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi türkologiya və Altayşünaslıq araşdırmalarının yeni mərhələyə keçməsi üçün əlverişli imkanlar yaradır”, - deyə vurğulayan direktor türk xalqlarının ortaq mədəni irsinin, kollektiv yaddaşının və folklor sistemlərinin öyrənilməsi sahəsində elmi əməkdaşlığın genişləndirilməsinin Folklor İnstitutunun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib.
O, XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunu yalnız ayrı-ayrı elmi problemlərin müzakirə edildiyi bir tədbir deyil, həm də gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli elmi platforma kimi dəyərləndirib. Hikmət Quliyev simpozium çərçivəsində irəli sürülən ideya və baxışların, müzakirələr zamanı meydana çıxan yeni elmi yanaşmaların, eləcə də simpozium materiallarında nəşr olunacaq elmi məqalələrin gələcək tədqiqatlar üçün dəyərli elmi mənbə və metodoloji istinad bazası olacağına əminliyini ifadə edib.
Bağlanış mərasimində, həmçinin Macarıstanın Seqed Universitetinin professoru, Altayşünaslıq kafedrasının və Orta əsrlər və erkən yeni dövr macar tarixi kafedrasının müdiri Şandor Papp, rusiyalı tarixçi alim, tarix elmləri doktoru, professor Vladislav Kokoulin, hindistanlı professor Pool Badan, Qırğızıstanın dilçi alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yenişgül Abdırasulova və digərləri çıxış edərək yüksək elmi səviyyədə təşkil edilmiş simpoziumun Altayşünaslıq və türkoloji araşdırmaların inkişafı, alimlər arasında elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Beynəlxalq Altay Topluluqları Simpoziumu ilk dəfədir ki, Azərbatcanda keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.