1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan dövlətçilik tarixinin mühüm hadisələrindən biridir. Bu tarixi hadisənin mahiyyətini və əhəmiyyətini daha dərindən anlamaq üçün həmin dövrün siyasi və hərbi proseslərinə nəzər salmaq zəruridir.
Bu fikirləri açıqlamasında A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova söyləyib. O bildirib ki, 1918-ci ilin mart hadisələrindən sonra bolşeviklər S.Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Sovetini (XKS) təşkil ediblər. Həmin dövrdə bu hakimiyyətə qarşı dura biləcək milli siyasi qüvvələrin isə kifayət qədər hərbi gücü yox idi.
A.Əzimova bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından dərhal sonra Bakı XKS hökumətə müharibə elan edərək Gəncə istiqamətində yürüşə başlayıb. İlk həftələrdə Bakı XKS-nin ordusu müəyyən irəliləyiş əldə etsə də, Göyçay döyüşündə iyunun 27-dən iyulun 1-dək əldə edilən qələbədən və iyulun 10-da Kürdəmir döyüşündən sonra Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkəti başlayıb.
Tarixçi-alimin sözlərinə görə, Qafqaz İslam Ordusunun yürüşü daşnak-bolşevik rejiminin hökm sürdüyü Bakıda hakimiyyət böhranına səbəb olub. Sentyabrın ilk günlərində ordu hissələri şəhəri əhatə edən mövqelərdə möhkəmlənib və Bakının azad edilməsi üçün son hazırlıqlar görülüb. Döyüşlərin ağırlıq mərkəzi birbaşa Bakı üzərinə keçib. Nəhayət, 1918-ci il sentyabrın 14-dən 15-nə keçən gecə Bakı uğrunda həlledici döyüş başlayıb. Səhər saatlarında Qafqaz İslam Ordusunun hissələri şəhərə daxil olub və sentyabrın 15-də Bakı tamamilə azad edilib. Bundan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçürülüb.
“Bakının azad edilməsi yalnız hərbi qələbə kimi deyil, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi hakimiyyətinin möhkəmlənməsi, milli dövlətçiliyin real əsaslarının yaradılması və Azərbaycanın istiqlalının qorunması baxımından da mühüm tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycan milli qüvvələrinin siyasi iradəsi ilə Qafqaz İslam Ordusunun hərbi gücünün birləşməsi nəticəsində əldə edilən bu qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. Aradan 108 il keçməsinə baxmayaraq, Bakının azad edilməsi tarixinin öyrənilməsi və xatırlanması əhəmiyyətini itirmir. Milli yaddaş yalnız keçmişi xatırlamaq deyil, həm də bu günü və gələcəyi dərk etmək vasitəsidir”,- deyə tarixçi-alim fikrini yekunlaşdırıb.