Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İsa Həbibbəyli: Seyyid Yəhya Bakuvi Azərbaycan mənəviyyatının dünyaya açılan qapısıdır
14.09.2026 18:20
  • A-
  • A
  • A+

İsa Həbibbəyli: Seyyid Yəhya Bakuvi Azərbaycan mənəviyyatının dünyaya açılan qapısıdır

Seyyid Yəhya Bakuvinin mənəvi kamilləşmə və mənəvi saflaşma haqqında təlimi əsrlər boyu ədalət, humanizm, insanpərvərlik və sülh ideallarının yayılmasına mühüm töhfələr verib.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Akademik qeyd edib ki, Seyyid Yəhya Bakuvinin 20-dən çox elmi və dini-ideoloji əsərində, eləcə də qəzəllərində insanlığın, müsəlman dünyasının və türk aləminin mənəvi saflaşması və kamilləşməsinin əsas istiqamətləri, idealları və ideyaları mükəmməl şəkildə əksini tapıb.

"Prezident İlham Əliyevin ölkədə milli-mənəvi dəyərlərin qorunması, ədəbi-tarixi irsin yenidən gündəmə gətirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı siyasət Seyyid Yəhya Bakuvinin adını ucaltdığı Xəlvətiyyə təriqətinin müstəqillik illərində yenidən öyrənilməsi və yeni həyat qazanması üçün mühüm imkanlar yaradıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məhz Seyyid Yəhya Bakuvinin adı ilə bağlı olan tarixi məkanların, xüsusilə Xəlvətiyyə kompleksinin yenidən qurulması, abadlaşdırılması və beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlər də bu sahədə mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Xüsusilə minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Seyyid Yəhya Bakuvinin irsi Mehriban xanım Əliyevanın həyata keçirdiyi işlər sayəsində UNESCO miqyasında keçirilən beynəlxalq konfransda qeyd olunub və bəşəriyyətə təqdim edilib”, – deyə akademik bildirib.

AMEA prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Milli Elmlər Akademiyası da ölkədə müxtəlif təriqətlərin, o cümlədən Xəlvətiyyə təriqətinin və onun banisi, əsas yaradıcılarından biri olan Seyyid Yəhya Bakuvinin irsinin öyrənilməsi, araşdırılması və tədqiqi istiqamətində öz töhfələrini verməkdədir.

AzərTac

  • Paylaş: