Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib
17.09.2026 22:10
  • A-
  • A
  • A+

Şərqşünas alim beynəlxalq konfransda Seyid Yəhya Bakuvi və xəlvətilik barədə məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Ağdam şəhərində keçirilən Türk Dövlətləri Təşkilatlarının (TDT) Müsəlman dini rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi konfransda “Seyid Yəhya Bakuvi və xəlvətilik: ümumbəşəri dəyərlərin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib.

E.Mustafayev çıxış zamanı azərbaycanlı alim və mütəfəkkirlərin İslam mədəniyyətinin və elmlərinin inkişafındakı müstəsna rolu, ələlxüsus, fəlsəfə, məntiq, dilçilik və sairə rasional elmlər üzrə ərsəyə gətirdiyi kitabları, o cümlədən onların dünyanın ən müxtəlif kitabxana və muzeylərində qorunan əlyazma əsərləri haqqında ətraflı şəkildə bəhs edib.

Daha sonra Seyid Yəhya Bakuvinin Azərbaycan elmi-fəlsəfi fikrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyətləri, elmi ictimaiyyətə məlum olan 20-ə yaxın əsəri və bu əsərlərin məzmunu barəsində ətraflı məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Məruzədə Seyid Yəhya Bakuvinin Türkiyə Cümhuriyyəti Süleymaniyyə kitabxanasında mühafizə edilən "Şifaül-əsrar" əsərində qeyd edilən mənəvi kamilləşmə, ruhi tərbiyə, əxlaqi fəzilətlərin təsnifatı haqqında söhbət açılıb, Bakuvinin yaratdığı ümumbəşəri dəyərlərin Azərbaycan modelinin səciyyəvi cəhətləri və elmi siqləti barəsində bəhs edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: