Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır
17.09.2026 22:36
  • A-
  • A
  • A+

Böyük Qayıdış prosesində fauna müxtəlifliyinin qorunması xüsusi əhəmiyyət daşıyır

Şərqi Zəngəzur və Qarabağda Böyük Qayıdış çərçivəsində həyata keçirilən bərpa və quruculuq işləri, yeni yaşayış məskənlərinin salınması, yolların və digər infrastruktur obyektlərinin inşası regionun təbii ekosistemlərinə də təsir göstərir. Bu proseslər fonunda fauna müxtəlifliyinin qorunması və antropogen təsirlərin elmi əsaslarla idarə olunması aktuallaşır.

Bu barədə açıqlamasında Canlı Sistemlərin Tədqiqi İnstitutunun Onurğalıların biomüxtəlifliyi və ekologiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov deyib.

Alim bildirib ki, Böyük Qayıdış prosesi ilə əlaqədar regionda insan fəaliyyətinin artması fauna növlərinin biotopik məskunlaşmasında müəyyən dəyişikliklər yaradır. Antropogen yüklənmənin artması nəticəsində bəzi növlərin şaquli və üfüqi istiqamətlərdə yayılma xüsusiyyətləri dəyişə bilər. Təvəkkül İsgəndərovun sözlərinə görə, yaşayış məntəqələrinin və antropogen biotopların bərpası, əhalinin öz doğma yaşayış yerlərinə qayıtması ilə sinantrop fauna, xüsusilə də bəzi quş növlərinin populyasiyalarının yenidən formalaşması üçün əlverişli şərait yaranır. Belə bir şəraitdə Şərqi Zəngəzur və Qarabağın fauna müxtəlifliyinin qorunması strategiyasının elmi əsaslandırılmış prinsiplər əsasında qurulması xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, təbiətin mühafizəsi tədbirlərində yerli icmaların iştirakının artırılması, xüsusi mühafizə olunan təbiət ərazilərində, həmsərhəd zonalarda yerləşən hərbi hissələrin ərazilərində, magistral yolların kənarlarında və istirahət məkanlarında prioritet fauna növləri barədə məlumatlandırıcı lövhələrin quraşdırılması məqsədəuyğundur.

Alim əlavə edib ki, yerli əhali, xüsusilə yeniyetmələr arasında fauna müxtəlifliyi barədə maarifləndirici tədbirlərin keçirilməsi ekoloji biliklərin artırılmasına və ekoloji mədəniyyətin formalaşdırılmasına mühüm töhfə verə bilər. Təvəkkül İsgəndərov qeyd edib ki, Böyük Qayıdışın geniş vüsət aldığı hazırkı mərhələdə regionun fauna müxtəlifliyinin sistemli şəkildə izlənilməsi də vacibdir. Nadir və təhlükə altında olan növlərin yayılma areallarının, say dinamikasının və yaşayış mühitlərinin mütəmadi monitorinqi onların qorunması üçün zəruri tədbirlərin vaxtında müəyyənləşdirilməsinə imkan verə bilər. Bu baxımdan elmi müəssisələr, aidiyyəti dövlət qurumları və yerli icmalar arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

AzərTac

  • Paylaş: