Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qarabağ və Şərqi Zəngəzurun xristian dini mərkəzlərinin tədqiqinə qrant ayrılıb
22.09.2026 10:34
  • A-
  • A
  • A+

Qarabağ və Şərqi Zəngəzurun xristian dini mərkəzlərinin tədqiqinə qrant ayrılıb

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarından ibarət tədqiqat heyətinin hazırladığı “Qarabağ və Şərqi Zəngəzurun xristian dini-inzibati mərkəzlərində tarixi, arxeoloji və etnoloji tədqiqatlar” layihəsi Azərbaycan Elm Fondunun “Əsas qrant müsabiqəsi – 2026”nın qalibi olub.

Gəncəsər, Xudavəng, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastır kompleksləri əsasında hazırlanmış layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun xristian dini-inzibati mərkəzlərində kompleks tarixi-arxeoloji və etnoloji tədqiqatların aparılması nəzərdə tutulur.

Layihə çərçivəsində abidələrin tarixi inkişaf dinamikasının mərhələli şəkildə izlənilməsi, həmçinin qeyd olunan abidələrdə işğal dövründə aparılmış qanunsuz arxeoloji qazıntıların və işğalçılar tərəfindən abidələrin apropriasiyası (saxtalaşdırmalarla tam fərqli mədəniyyətə aid edilmə, mənimsənilmə) istiqamətində fəaliyyətlərin araşdırılması, abidələrə siyasi məqsədlə edilmiş saxta əlavə və dəyişikliklərin yerində öyrənilməsi planlaşdırılır.

Layihənin icrasına artıq başlanılıb. AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Albaniya arxeologiyası şöbəsinin əməkdaşları tərəfindən 2026-cı ilin avqust ayından Xudavəng monastır kompleksində ilkin arxeoloji kəşfiyyat işləri aparılır. Növbəti mərhələdə Gəncəsər, Amaras, Ağoğlan, Böyük Aran və Müqəddəs Yelisey monastır komplekslərində də tədqiqatların aparılması nəzərdə tutulur.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Albaniya arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov layihənin rəhbəridir. Tədqiqat heyətində institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi dosent Elmira Cəfərova, Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin aparıcı elmi işçisi dosent Rəşad Mustafa, institutun elmi katibi dosent Ellada Bəkirova yer alırlar. Layihə çərçivəsində əldə ediləcək nəticələrin elmi məqalələr şəklində dərc olunması, həmçinin yekunda tədqiq olunan abidələri əhatə edən kataloq və ya kitabın hazırlanması nəzərdə tutulur.

AzərTac

  • Paylaş: