Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “Ermənilərin Qafqaz Albaniyası abidələrinə dair irəli sürdükləri iddialar tamamilə əsassızdır”
23.09.2026 10:15
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Ermənilərin Qafqaz Albaniyası abidələrinə dair irəli sürdükləri iddialar tamamilə əsassızdır”

Tarixi abidələrə süni şəkildə kobud müdaxilələr edilir, onların üzərinə yalançı kitabələr həkk olunur. Əsl tarixi kitabələr isə vaxtilə oğurlanaraq İrəvana aparılıb, dəyişdirilib və abidələrin həqiqi mətnləri təhrifə məruz qoyulub. Hətta son dövrlərdə də bu abidələri qəsdən zədələyərək guya erməni irsinə aid olması barədə yalan təsəvvür formalaşdırmağa çalışırlar. Bütün bunlar Qafqaz Albaniyası tarixinə yönəlmiş əsassız erməni iddialarının və tarixi saxtakarlığın növbəti bariz nümunəsidir.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda keçirilən elmi konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, ermənilərin abidələr üzərindəki cızmaqara yazılarını qədim dövrlərə aid kimi qələmə vermək cəhdləri aydın şəkildə göstərir ki, onlar təkcə qədim tarixi deyil, yaxın keçmişi də saxtalaşdırmaq yolu tutublar.

Akademik İsa Həbibbəyli torpaqlarımız işğaldan azad edildikdən sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən arxeoloji ekspedisiyaların təşkil olunduğunu, ərazidə genişmiqyaslı qazıntı işlərinə başlanıldığını, alimlərimiz müstəqillik dövrünün tələblərinə uyğun olaraq Alban abidələrini yenidən dərindən və elmi əsaslarla tədqiq etdiklərini bildirib: “Məhz bu elmi həqiqətlərin üzə çıxarılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Bu səbəbdən erməni saxtakarlığı yenidən fəallaşıb, son vaxtlar azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisindəki qədim Alban abidələrini özününküləşdirmək məqsədilə beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn süni və əsassız iddialar irəli sürürlər”.

Akademik bildirib ki, yaranmış vəziyyət alimlərimizin qarşısına mühüm və təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələr qaldırılan hər bir əsassız iddiaya operativ, qətiyyətli cavab vermək və Akademiyada Qafqaz Albaniyasına dair sistemli, fundamental tədqiqatları daha da dərinləşdirmək kimi məsələləri əhatə edir.

AMEA rəhbəri onu da bildirib ki, hazırda Akademiyanın həm Tarix və Etnologiya İnstitutunda, həm də Arxeologiya və Antropologiya İnstitutunda Qafqaz Albaniyası irsini araşdıran ixtisaslaşmış şöbələr fəaliyyət göstərir. Bununla yanaşı, bir müddət öncə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı, Tarix və Etnologiya İnstitutunun təşəbbüsü ilə qədim Alban dilinin tədrisi üzrə onlayn dərslər təşkil edilib. Bu cür təşəbbüslər yeni nəsillərə tarixi mədəniyyətimizin əsl köklərini dərindən öyrətmək və elmi həqiqətləri qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycan ərazisində olan Qafqaz Albaniyası abidələrinə dair irəli sürdükləri iddiaları qətiyyətlə pisləyir və bu səslənən fikirləri qeyri-elmi, tarixə əsaslanmayan fikirlər kimi rədd edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: