Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunan növbəti buraxılışı yayımlanıb.
Proqram Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedib.
Akademik Rafael Hüseynov bildirib ki, diriliyi ilə abidəyə çevrilməsi arasındakı məsafə ən qısa olan Azərbaycan ədibi Cəfər Cabbarlıdır. O, 1934-cü ilin son günündə dünyadan köçüb. Dramaturqun ölümündən 6 il sonra - 1940-cı ildə Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi binasının fasadındakı tağlar altında heykəli hazırlanıb quraşdırılıb. Onillər ötəcək, Bakı şəhərində Cəfər Cabbarlının bundan qat-qat möhtəşəm abidəsi ucalacaq, həmişəyaşar ədib insanlarla üz-üzə qalmaqda davam edəcək.
Qeyd olunub ki, Cəfər Cabbarlının həyatı səhnə idi və macəralarla dolu olan səhnə sanki Cəfər Cabbarlının həyatına da təsirini göstərmişdi. Onun vəfatından onillər sonra Dəmiryol vağzalının həndəvərində ucalan möhtəşəm abidəsinin dünyaya gəlişi də xeyli macəralarla bağlı oldu. Abidəni Azərbaycanın görkəmli heykəltaraşı Mirəli Mirqasımov (1924-2003) hazırlayırdı. Bu heykəlin üzərində uzun illər boyu işlədi. O, heykəli bütöv qranitdən düzəltmək istəyirdi. O vaxtlar Azərbaycan Respublikasına rəhbərlik edən və bütün ömrü boyu sənətin, sənətkarın yanında olmuş Heydər Əliyev heykəltaraşa dayaq durdu. Onun Mirqasımovlar ailəsinə də rəğbəti böyükdü, Cəfər Cabbarlı da köhnə sevgilərindən idi. Heydər Əliyev Cabbarlı irsinə yeniyetməlik illərindən vurğun kəsilmişdi. Məktəb səhnəsində Cabbarlı pyeslərində surətlər yaratmışdı. Ömrü boyu da Cəfər Cabbarlını sevdi və böyük ədibin abidəsinin gerçəkləşməsi yolunda zəhmətləri əslində Heydər Əliyevin daim qəlbində gəzdirdiyi Cəfər Cabbarlıya mənəvi borcunu qaytarması deməkdi.
Akademik Rafael Hüseynov şair Rüfət Zəbioğlunun 1973-cü ildə qələmə aldığı "Cəfər möcüzəsi" adlı şeiri səsləndirib:
Cəfər həyat verib ilhama, sözə,
Cəfər hissin gözü, ruhun səsidir.
Təbiət möcüzə göstərib bizə,
Cəfər təbiətin möcüzəsidir.
Diqqətə çatdırılıb ki, Cəfər Cabbarlı sadəcə böyük bir yaradıcılıq da deyil, o, möcüzədir! Cəfər Cabbarlı gedib, lakin insanların şüurunda sevimli bir əfsanə, sevimli bir möcüzə olaraq yenə yaşamaqdadır və Azərbaycan xoşbəxtdir ki, onun Cəfər Cabbarlı kimi heç vaxt bitməyən, sonu olmayan möcüzəsi var.
"Axşam görüşləri"ndə, həmçinin böyük ədibin nəvəsi Bəhlul Abbasov Cəfər Cabbarlı sənətinin əbədiliyindən danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.