Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.05.2016 13:35
  • A-
  • A
  • A+

Məktəblilərin kimya elminə marağı artır

Məktəblilərin kimya elminə marağı artır

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Bildirib ki, AMEA-da elmlə təhsilin vəhdətinin təmini, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi istiqamətində bir sıra işlər görülüb. Akademiyada magistratura pilləsi və elmi müəssisələrində universitetlərin baza kafedraları yaradılıb, bir neçə məktəbdə elm guşələri, o cümlədən Bakı Avropa Liseyində Kimya Elmləri Bölməsinin elm guşəsi açılıb.

M.Babanlı bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması olduğunu vurğulayıb.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aygün İsazadənin “Kimya və həyat” mövzusunda məruzəsi dinlənilib.

Tədbir çərçivəsində şagirdlər üçün kimya fənni üzrə viktorina keçirilib, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: