Azərbaycan Prezidentinin II Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirləri təhlil edərkən diqqəti cəlb edən əsas məqamlardan biri inkişaf anlayışının yalnız iqtisadi göstəricilərlə məhdudlaşdırılmamasıdır. Müasir dünyada inkişafın arxasında iqtisadi resurslarla yanaşı, strateji düşüncə, siyasi iradə, elmi potensial, texnoloji imkanlar, insan kapitalı və dəyişən qlobal mühitə uyğunlaşmaq bacarığı dayanır. Bu baxımdan forumda təqdim olunan yanaşmaları yalnız investisiya siyasəti çərçivəsində deyil, Azərbaycanın gələcək inkişafının məntiqini anlamaq baxımından da nəzərdən keçirmək mümkündür.
Bu fikirləri açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə söyləyib.
Professor bildirib ki, müasir dünyanın əsas xüsusiyyətlərindən biri inkişaf imkanlarının ölkələr arasında bərabər bölüşdürülməməsidir. Eyni texnologiyanın mövcudluğu heç də bütün cəmiyyətlər üçün eyni nəticə yaratmır. Texnologiyadan səmərəli istifadə etmək üçün elmi baza, ixtisaslı kadrlar, çevik institutlar, maliyyə imkanları və uzunmüddətli strateji yanaşma tələb olunur. Gələcək yalnız texnologiyaya sahib olmaqla deyil, həmin texnologiyanı milli inkişaf məqsədlərinə uyğun şəkildə tətbiq etmək bacarığı ilə müəyyənləşir. Bu baxımdan “inkişaf mühərrikləri” anlayışına daha geniş məna vermək lazımdır. Bu mühərriklər yalnız enerji resursları və maliyyə kapitalından ibarət deyil. Elm və təhsil, insan kapitalı, innovasiya, rəqəmsal texnologiyalar, nəqliyyat və kommunikasiya infrastrukturu, investisiya imkanları, sahibkarlıq mühiti və geosiyasi mövqedən səmərəli istifadə də həmin sistemin mühüm elementləridir. Əsas məsələ isə bu amillərin ayrı-ayrılıqda mövcudluğu deyil, vahid inkişaf məntiqi daxilində bir-birini tamamlamasıdır. Azərbaycanın inkişaf təcrübəsinə bu prizmadan yanaşdıqda enerji amilinin xüsusi əhəmiyyəti aydın görünür. Bununla yanaşı, enerji sektorunun gələcəyi artıq yalnız ənənəvi neft və qaz resursları ilə müəyyənləşmir. Qlobal enerji sistemində baş verən dəyişikliklər bərpaolunan enerji mənbələrinin, elektrik enerjisi istehsalının, enerji ötürücü sistemlərin və enerjinin daha səmərəli idarə olunmasının əhəmiyyətini artırır. Prezidentin forum çərçivəsindəki çıxışında da bərpaolunan enerji potensialı, elektrikötürücü xətləri və yeni enerji bağlantıları Azərbaycanın gələcək iqtisadi inkişaf istiqamətləri sırasında təqdim olunub.
Alim qeyd edib ki, burada diqqətçəkən başqa bir məsələ enerji ilə texnologiyanın, xüsusilə də süni intellektin qarşılıqlı əlaqəsidir. Süni intellektin inkişafı böyük hesablama imkanları və etibarlı enerji təminatı tələb edir. Eyni zamanda, süni intellekt enerji istehsalının, istehlakının və paylanmasının daha səmərəli idarə olunmasına imkan yarada bilər. Bu səbəbdən gələcəyin iqtisadiyyatında enerji və süni intellekti bir-birindən təcrid olunmuş sahələr kimi deyil, qarşılıqlı təsir göstərən sistemlər kimi araşdırmaq daha məqsədəuyğundur. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirilən fikirlər inkişafı ayrı-ayrı sektorların cəmi kimi deyil, qarşılıqlı əlaqədə olan çoxsəviyyəli sistem kimi düşünməyə imkan verir. Enerji iqtisadiyyatla, iqtisadiyyat texnologiya ilə, texnologiya elm və təhsillə, insan kapitalı innovasiya ilə, geosiyasi mövqe isə nəqliyyat və beynəlxalq əməkdaşlıqla əlaqələnir. Bu əlaqələrin hər biri ümumi inkişaf mexanizminin müəyyən halqasını təşkil edir. Bu mənada Azərbaycanın qarşısında duran əsas məsələ yalnız mövcud inkişaf imkanlarını qorumaq deyil, onları yeni bilik, texnologiya və ideyalara çevirməkdir.