Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
29.09.2026 17:12
  • A-
  • A
  • A+

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

Dahi şair Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan və Şərq mədəniyyətinin mühüm mənəvi-intellektual sərvətlərindən biri olmaqla yanaşı, ümumbəşəri dəyərləri özündə birləşdirən zəngin ədəbi-fəlsəfi irsdir. Onun əsərləri yalnız orta əsrlər ədəbiyyatının öyrənilməsi baxımından deyil, insan, cəmiyyət, ədalət, elm, mənəviyyat və hakimiyyət münasibətləri haqqında düşüncələrin araşdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

Bu fikirləri açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Şahlar Şərifov söyləyib. Dosent bildirib ki, Nizami yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun dövrünün ictimai-siyasi və fəlsəfi düşüncəsini yüksək bədii təfəkkürlə ifadə etməsidir. Şair insanı mənəvi kamilliyə, elmə və ədalətə yönəldən ideyaları əsərlərinin əsas məzmun xəttinə çevirib. Bu baxımdan Nizami irsi müasir dövrdə də aktuallığını qoruyur. Xüsusilə gənc nəslin dünyagörüşünün formalaşması, milli-mədəni irsə münasibətinin möhkəmləndirilməsi və humanist dəyərlərin mənimsənilməsi baxımından Nizami əsərlərinin böyük tərbiyəvi və intellektual potensialı var. Dahi şairin əsərlərində elmə, biliyə, ədalətə və insanın mənəvi kamilliyinə dair fikirlər bu gün də gənc nəslin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir.

Müasir təhsil mühitində Nizami irsinin öyrənilməsi yalnız əsərlərin məzmununun mənimsənilməsi ilə məhdudlaşmamalıdır. Şagird və tələbələrdə Nizaminin yaşadığı tarixi dövr, orta əsr Şərqinin ictimai-mədəni mühiti, həmin dövrün elmi və fəlsəfi düşüncəsi haqqında sistemli təsəvvür yaradılmalıdır. Bu, Nizami yaradıcılığının tarixi kontekstdə daha dərindən anlaşılmasına imkan verir.

Müsahibimiz qeyd edib ki, Nizami irsinin gənc nəslə çatdırılmasında müasir tədris metodlarından və rəqəmsal imkanlardan daha geniş istifadə olunması da mühüm əhəmiyyət daşıyır. Ədəbi mətnlərin tarixi xəritələr, elektron resurslar, vizual materiallar, interaktiv təqdimatlar və elmi-populyar məzmunla əlaqələndirilməsi gənclərin Nizami yaradıcılığına marağının artırılmasına xidmət edə bilər.

Nizami Gəncəvini yalnız ədəbi şəxsiyyət kimi deyil, yaşadığı dövrün geniş elmi, fəlsəfi və mədəni prosesləri kontekstində öyrənmək lazımdır. Onun irsinin tarix, fəlsəfə, ədəbiyyat, mədəniyyət və təhsil tədqiqatları ilə qarşılıqlı əlaqədə araşdırılması yaradıcılığının çoxşaxəli mahiyyətinin daha aydın ortaya çıxmasına imkan verir.

“Gənc nəslə Nizamini yalnız keçmişin böyük şairi kimi deyil, əsərlərində insan və cəmiyyət haqqında mühüm fikirlər ifadə etmiş böyük mütəfəkkir kimi təqdim etmək lazımdır. Çünki Nizami irsinin davamlılığı onun əsərlərində qoyulan problemlərin zaman və məkan sərhədlərini aşaraq müxtəlif nəsillər üçün düşüncə mənbəyi olaraq qalması ilə bağlıdır”, - deyə Şahlar Şərifov fikrini yekunlaşdırıb.

AzərTac

  • Paylaş: