Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir
29.09.2026 21:18
  • A-
  • A
  • A+

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

Xarici təcrübə elmi fəaliyyətin yeni istiqamətlərini müəyyənləşdirməyə imkan verir.

Bu fikri müsahibəsində Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Qara və əlvan metal tərkibli mineral xammalın emalı laboratoriyasının elmi işçisi Pərvanə Babayeva söyləyib.

Tədqiqatçı deyib: “Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir. Orada qazandığım təcrübə nəticəsində filizlə işləmək, məhlul hazırlamaq və prosesin ardıcıllığını izah etmək mənim üçün daha sistemli və praktik xarakter alıb.

Türkiyədə çalışdığım müddətdə Fırat Universitetinin professoru, ikinci elmi rəhbərim Mehmet Deniz Turanın Materialşünaslıq və metallurgiya laboratoriyasında müxtəlif elmi müzakirələrdə iştirak etdim.

Xarici alimlərin tədqiqatıma böyük maraq göstərməsi, onların suallarına cavab verməyim elmi işimə daha yaxından yiyələnməyimə kömək edib.

Layihə yazmaq təcrübəsini də Türkiyədə qazandım. Orada birgə layihə hazırladıq və TÜBİTAK layihəsində iştirak etdik. Həmçinin Türkiyədə apardığım tədqiqat işi nəticəsində laboratoriyamızın üçüncü elmi məqaləsi ərsəyə gəlib”.

Müsahibimiz qeyd edib ki, xarici təcrübə onun beynəlxalq elmi mühitə inteqrasiyasına, müxtəlif ölkələrdən olan alimlərlə ünsiyyət qurmasına və peşəkar əlaqələrini genişləndirməsinə də şərait yaradıb.

Beynəlxalq konfranslarda və elmi tədbirlərdə iştirak etmək üçün xarici dil biliklərinin inkişaf etdirilməsi də əsas istiqamətlərdən biridir. Müxtəlif ölkələrdən olan alimlərlə elmi fikir mübadiləsi aparmaq, onların tədqiqatlarını və yanaşmalarını anlamaq üçün ortaq elmi ünsiyyət dilinə sahib olmaq vacibdir.

“Xarici təcrübə mənə göstərdi ki, alim üçün yalnız öz tədqiqatını bilmək kifayət deyil. Həm gördüyün işin ölkə və sənaye üçün əhəmiyyətini izah etməli, həm də onun tətbiqi və inkişafı üçün yeni, innovativ yollar axtarmalısan”, – deyə P.Babayeva vurğulayıb.

AzərTac

  • Paylaş: